Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda sahibkarlara güzəştli kreditlər verildi

24 may 2014 | 10:00

Mayın 23-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Rəsulzadə qəsəbəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair növbəti işgüzar forumu keçirildi. Forumda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, İqtisadiyyat  və  Sənaye  Nazirliyinin Sahibkarlığa  Kömək  Milli  Fondunun icraçı direktoru Şirzad Abdullayev və 80-dək sahibkar iştirak etdi.
Forumdan əvvəl Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli krediti ayrılmış Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində gündəlik istehsal gücü 46,3 ton (illik 16,9 min ton) olan çörək istehsalı zavodunun fəaliyyətinə baxış keçirildi.
Forum çərçivəsində sahibkarlara güzəştli kreditlər verildi və Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış yaşıl marketin, ət kəsimi müəssisəsinin və kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirildi, sahibkarlara həmin nümunəvi layihələr, eləcə də digər metodiki materiallar təqdim olundu.
İşgüzar forumda Sahibkarlığa Kömək Milli Fondunun koordinatorluğu ilə sahibkarlarla müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələri arasında qarşılıqlı dialoq əsasında kreditin alınması ilə bağlı məsələlər müzakirə edildi və tərəflər arasında işgüzar münasibətlər yaradıldı.
Forumu giriş nitqi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq dövlət tərəfindən sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradıldığını bildirdi. X.İsgəndərov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi qayğı ilə yanaşdığı məsələlərdən birinin də azad sahibkarlığın inkişafı olduğunu deyərək bu sahənin tərəqqisi ilə ölkə iqtisadiyyatının güclənməsi, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması kimi əhəmiyyətli nəticələrin əldə olunduğunu diqqətə çatdırdı.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2014-cü ildə Fondun fəaliyyətinin əsas hədəfləri və bu ilin ötən dövrü ərzində 1860 sahibkara 90.5 milyon manat dövlətin güzəştli kreditlərinin verildiyini və bu kreditlər hesabına 4338 yeni iş yerlərinin yaradıldığı barədə məlumat verdi. Həmçinin, Şirzad Abdullayev Bakı şəhərində 2 logistik mərkəzin və ilk dəfə olaraq 1 ixtisaslaşdırılmış yaşıl marketin tikintisinin maliyyələşdirildiyini qeyd etdi və Binəqədi rayonu ərazisində də belə bir layihələrin həyata keçirilməsinin zəruriliyini vurğuladı.
İşgüzar forum çərçivəsində Binəqədi və ətraf rayonlardan olan 27 sahibkara 2,2 milyon manat güzəştli kredit verildi və bu kreditlər hesabına 178 yeni iş yerinin yaradılması nəzərdə tutulur. İşgüzar forum çərçivəsində Binəqədi rayonundan olan 18 sahibkara 130 min manat güzəştli kredit verildi və bu kreditlər hesabına 26 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forumlar gələcəkdə də davam etdiriləcəkdir.

Keçidlər