Şriftin ölçüsü :

Saytın rəngi :

“Qurban bayramı” Binəqədidə qeyd olundu

28 oktyabr 2012 | 10:00

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan “Qurban bayramı” bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycanda müstəqilliyin bərpasından sonra Milli Məclisin qəbul etdiyi 27 oktyabr 1992-ci il tarixli, “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəli bayram hesab edilir.
Əsrlər boyu insanlara həmrəyliyi, mənəvi saflığı və kamilliyi təbliğ edən, bərabərlik, barış və sülh carçısı olmuş müqəddəs “Qurban bayramı”nın Binəqədi rayonunda qeyd edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti Başçısının 22 oktyabr 2012-ci il tarixli, 199 saylı sərəncamı imzalanmış və Tədbirlər Planı təsdiq edilmişdir.
Bayram günlərində Rayon İcra Hakimiyyəti və bələdiyyələr tərəfindən şəhid, əlil, məcburi köçkün, aztəminatlı və digər kateqoriyalardan olan 5 500 ailəyə ümumilikdə 7 tona yaxın bayram sovqatı – qurban payları verilmişdir.
Eyni zamanda əhalinin qurbanlıq qoyunlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25-26 oktyabr 2012-ci il tarixlərdə aşağıdakı ünvanlarda bazardakı qiymətlərlə müqayisədə daha ucuz diri qoyunların satışı təşkil olunmuşdur:
- 8-ci mikrorayon, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsində;
- Biləcəri qəsəbəsi, Xırdalan-Binəqədi yolunun Asəf Zeynallı küçəsi ilə kəsişməsində;
- Binəqədi qəsəbəsi, 3-cü mədən, 78-ci korpusda;
- Rəsulzadə qəsəbəsi, Binəqədi şosesinin sağ tərəfi, “Baksol” yolu ilə kəsişməsində.

 

Keçidlər