Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Müasir dünyada qadının statusu” mövzusunda tədbir keçirildi

07 iyun 2014 | 10:00

İyunun 6-da Binəqədi rayonunda “Müasir dünyada qadının statusu” mövzusunda tədbir keçirildi. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi üzrə alt komitəsinin sədri Sahibə Qafarova, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, millət vəkili Sevinc Hüseynova və YAP Binəqədi rayon təşkilatı qadınlar şurasının fəal üzvləri iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdən öncə qonaqlar foyedə “Azərbaycan qadını dünəndən bu günə” fotosərgisinə baxış keçirdilər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Sədaqət Qəhrəmanova çıxışında qadının cəmiyyətdəki rolundan danışaraq Azərbaycanı dövlət və xalq olaraq qadına ən çox dəyər verilən ölkə kimi səciyyələndirdi.
Millət vəkili, Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi üzrə alt komitəsinin sədri Sahibə Qafarova mövzu ilə bağlı öz fikirlərini bildirərək müasir dünyada istər ailə, istər cəmiyyət və istərsə də dövlət səviyyəsində qadına verilən dəyər və onun statusu baxımından Azərbaycanın dünyanın qabaqcıl ölkələrinə belə nümunə ola biləcəyini dedi.
Millət vəkili, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini  Sevinc Hüseynova Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi missiyanın yerinə yetirilməsində kişilərlə yanaşı, qadınların iştirakını da mühüm hadisə kimi xarakterizə etdi və bunun üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva müasir Azərbaycan cəmiyyətində qadına verilən dəyərdən danışdı, dövlətin qadınlara göstərdiyi diqqətin gündəlik ictimai həyatda aydın hiss edildiyini bildirdi. Natiq xüsusi qeyd etdi ki, ölkənin birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın hərtərəfli və genişmiqyaslı fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki roluna əsl örnəkdir.
Tədbir mövzu ətrafında aktiv debatla yekunlaşdı.

Keçidlər