Şriftin ölçüsü :

Saytın rəngi :

“Art in Action 2” layihəsi çərçivəsində bir qrup avropalı gənc Binəqədi rayonunda oldu

07 iyun 2014 | 10:00

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) tərəfindən icra edilən “Art in Action 2” (Fəaliyyətdə İncəsənət 2) layihəsi çərçivəsində bir qrup avropalı gənc Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi Rayon Təşkilatında oldular.
Layihə çərçivəsində Rumıniya, Türkiyə, Moldova, Fransa, Ukrayna və Azərbaycandan olan ümumilikdə 32 nəfər gənclə Binəqədi Rayon İcra Hakimiyyətində görüş keçirildi. Görüş zamanı qonaqların 10 gün ərzində ölkəmizdə olacağı və burada müxtəlif sosial-mədəni obyektləri ziyarət edəcəkləri, diskriminasiyaya qarşı mübarizə ilə bağlı müxtəlif təlim kursları keçəcəkləri, müxtəlif rəsmi şəxslərlə görüşəcəkləri və sonda 6 ölkənin iştirakı ilə musiqi festivalının təşkil olunacağı bildirildi.
Qonaqlar öncə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binası ilə tanış oldular. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov qonaqlara vətəndaşların qəbulu zamanı onlara ayrıseçkilik qoyulmadan hər birinin problemlərinə xüsusi yanaşıldığı, əlilliyi olan sakinlər üçün isə daha əlverişli qəbul qrafiklərinin mövcud olduğu barədə məlumat verdi.
Sonra qonaqlar YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında oldu, burada dəyirmi masa ətrafında müzakirələr apardılar. Müzakirələrdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Aparat rəhbəri Qabil Qafarov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi rayonunun ictimai siyasi həyatında yaxından iştirak edən ictimai təşkilatların təmsilçiləri və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının nümayəndəsi və digər qonaqlar iştirak etdiər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Avropalı gəncləri salamladı, Azərbaycanda mövcud olan tolerantlıq mühiti, multikulturalizm siyasəti haqqında məlumat verdi, aparılan inkişaf siyasətinin xarici qonaqların öz gözləri ilə görmələrinin təqdirəlayiq hal olduğunu bildirdi. O Avropa və Azərbaycan gəncləri arasında belə görüşlərin keçirilməsinin vacibliyindən və ölkəmizin ən böyük problemi olan Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi haqda qonaqlara ətraflı məlumat verdi.
Sonra çıxış edən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova Avropalı gənclərin Azərbaycana səfəri və həyata keçirilən “Art in Action 2” layihəsi haqda məlumat verdi. O göstərilən dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinə və YAP Binəqədi Rayon Təşkilatına öz təşəkkürünü bildirdi. 
Çıxış edən YAP Binəqədi Rayon Təşkilatı Aparat rəhbəri Qabil Qafarov ölkəmizdə gənclər üçün yaradılan əlverişli şəraitdən danışdı.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov respublikada həyata keçirilən uğurlu inkişaf siyasətini və Binəqədi rayonunda gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraitdən bəhs etdi.
Çıxış edən Azərbaycan Dağ Yəhudiləri Dini İcması və “Vaad L’ Hatzolas Nidchei Yisroel USA- Azerbaijan” təşkilatının Mətbuat xidmətinin rəhbəri Murad Salmanov Azərbaycanda minillər boyu yaşayan yəhudilər haqda danışaraq ölkəmizdə tolerantlıq mühitinin olduğunu, Azərbaycanın dünyada 5 ən tolerant dövlətdən biri olduğunu və Dağlıq Qarabağ münaqişəsinin həm də burada sülh və əminamanlıq şəraitində yaşayan yəhudi xalqının ən ağrılı problemi olduğunu qeyd etdi.
Sonra çıxış edən ictimai təşkilatların nümayəndələri Avropalı gənclərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənilərin azərbaycanlılara qarşı Xocalıda törətdikləri soyqırımı, Azərbaycanda aparılan dövlət gənclər siyasəti, Azərbaycanın davamlı inkişafı haqda məlumatlar verdilər.
Azərbaycan xalqının çox qonaqpərvər xalq olduğunu, burada olmaqdan məmnun olduqlarını qeyd edən Avropalı gənclər onlara göstərilən diqqətə və verilən maraqlı məlumatlara görə öz təşəkkürlərini bildirdilər.
Sonda qonaqlar Heydər Əliyev adına istirahət parkında sakinlərin asudə vaxtlarını rahat keçirmələri üçün yaradılan şəraitlə tanış oldular və məmnunluqlarını ifadə etdilər.

Keçidlər