7 və 8-ci mikrorayon ərazilərində təmir-tikinti işləri geniş vüsət alıb
Son iki il ərzində Binəqədi rayonunda sakinlərin rahat, firavan yaşayışının təmin edilməsi baxımından müxtəlif sahələr üzrə infrastrukturun yenilənməsinə, kommunal xarakterli problemlərin həllinə xususi diqqətlə yanaşılıb. Qəsəbələrarası və qəsəbədaxili yollarda, mərkəzi küçə və məhəllələrdə yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin, digər infrastruktur sahələrində yenilənmə və əsaslı təmir işləri görülüb və yenidənqurma işləri bu gün də yüksək templə davam etdirilir.
Bu baxımdan 7 və 8-ci mikrorayonlarda görülən işlər xususilə diqqəti cəlb edir.
Ötən il ərzində adı çəkilən mikrorayonlarda ondan yuxarı abad məhəllə yaradılıb. Bir çox binaların fasadları yenilənib, sakinlərin rahatlığı üçün kütləvi tədbir evləri inşa edilib.
Son aylar 1 saylı sahə inzibati ərazi dairəsinə aid olan 8-ci mikrorayonda və ona yaxın ərazilərdə təmir-tikinti işləri daha geniş vüsət alıb. Hazırda ərazidə insanların zövqünü oxşayan abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Ərazidə yerləşən Naxçıvani 27-də binaların üzlənməsi prosesi başa çatmaq üzrədir. Bu ünvanda yerləşən coxmənzilli binalarda ən müasir tələblərə uyğun təmir işləri həyata keçirilir. Binaların fasadlarının dəyişdirilməsi ilə yanaşı, kanalizasiya sistemi də təmir olunub. Binadakı liftlər işlək vəziyyətdədir, zirzəmidə təmizlik işləri həyata keçirilib, mənzillər fasiləsiz su ilə təmin olunur.
7-ci mikrorayon, S.S.Axundov küçəsi və 8-ci mikrorayon, N. Nərimanov küçəsi 81 və 85 saylı binaların qarşısında yollara səki daşları vurulur. 8-ci mikrorayon, Azadlıq prospekti 24/184 saylı binanın qarşısına asfalt örtüyü çəkilir.
8-ci mikrorayon, Azadlıq prospekti 34/194, İ.Dadaşov küçəsi 91 və 91a saylı binaların girişləri təmir edilir.
Eyni zamanda, binaların yerləşdiyi küçələr abadlaşdırılır, həyətlərdə zibilin daşınması üçün lazımi şərait yaradılıb. İnsanların istirahətinin təmin edilməsi məqsədi ilə həyətlərdə yaşıllaşdırma işlərinə başlanılıb.
Hazırda Ziya Bünyadov prospektinin rayon ərazisindən keçən hissəsində təmir işləri gedir, küçə boyu yerləşən binaların fasadlarının üzlənməsinə başlanılıb. Adı çəkilən prospekt ölkə başçısı cənab İlham Əliyevin tapşırığı əsasında yenidən qurulur və tikinti işlərinin yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulub. Bu məqsədlə, prospekt boyu yerləşən binaların təmir edilməsinə gostəriş verilib. Artıq 11 binada təmir işlərinə başlanılıb. Layihəyə əsasən, binaların fasadları ən müasir üslubda təmir olunacaqdır.
Bundan əlavə, Ağa Sadıq Gəraybəyli küçəsində də təmir işlərinə başlanılıb.
Rayon ərazisində park və meydançalar yaradılıb, həyətlərdə istirahət köşkləri,
oturacaqlar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb və bu işlər hazırda da yüksək templə davam etdirilir.