Binəqədi rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olundu
İyunun 17-də Binəqədi rayonunda səhiyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayonun səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva açaraq Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik etdi, onlara ən xoş arzularını bildirdi və şərəfli işlərində uğurlar arzuladı. Azərbaycanın bir çox sahələrdə olduğu kimi tibb elminin inkişafında da böyük uğurlara imza atdığını deyən RİH başçısının müavini səhiyyəmizin tərəqqisi və bugünkü inkişaf səviyyəsinə çatmasında misilsiz rol oynamış Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Mustafa Topçubaşov, Zərifə Əliyeva kimi görkəmli həkimlərimizin peşəkar olmaları ilə yanaşı, həm də nəcib keyfiyyətləri və xeyirxahlıqları ilə yaddaşlarda silinməz iz qoyduqlarını vurğuladı.
Səhiyyə sahəsinə göstərilən dövlət qayğısına toxunan A.Əliyeva möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi və təşəbbüsü ilə yeni-yeni tibb müəssisələrinin yaradılması, mövcud olanların təmir-bərpası bu gün səhiyyə işçilərinə öz şərəfli peşələrini layiqincə yerinə yetirmələri üçün geniş imkanlar yaratdığını iştirakçıların diqqətinə çatdırdı.
Tədbir Xocasən Sağlamlıq Mərkəzinin baş həkimi Loğman Əliyev və 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserinin şöbə müdiri Vüsalə Hüseynovanın çıxışları ilə davam etdi. Çıxışçılar səhiyyə sahəsinə göstərilən hərtərəfli dövlət qayğısından danışaraq, belə münasibətin onların üzərinə daha böyük məsuliyyət qoyduğunu qeyd etdilər və ölkə başçısı cənab İlham Əliyevə bu diqqətə görə təşəkkürlərini bildirdilər.
Tədbirin sonunda rayonun bir qrup səhiyyə işçisi peşə bayramları münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı ilə təltif edildi.