Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda məcburi köçkünlərlə görüş keçirildi

18 iyun 2014 | 10:00

İyunun 17-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Binəqədi Rayon İcra Hakimiyyətində bu rayonda, eyni zamanda, digər rayonlarda məskunlaşmış məcburi köçkünlərlə görüşdü. Qəbulda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, departament və şöbə müdirləri, Komitənin Bakı rayonları üzrə nümayəndələri, eyni zamanda, ərazisi işğal altında olan rayonların icra hakimiyyətlərinin başçılarının müavinləri də iştirak etdilər.
Görüşdə məcburi köçkünlərin müraciətləri dinlənildi, ərizə və şikayətlərinə baxıldı, problemlərinin həlli üçün tapşırıqlar verildi.
Bildirildi ki, Binəqədi rayonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşən 54 minə yaxın qaçqın və məcburi köçkün yaşayır. Onlar əsasən rayon ərazisindəki ictimai binalarda, yataqxanalarda və uşaq bağçalarında məskunlaşıblar.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərdən danışdı. Bildirildi ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşən soydaşlarımızın problemlərini ölkənin bir nömrəli problemi elan edib. Bu istiqamətdə ardıcıl olaraq tədbirlərin həyata keçirildiyini deyən Baş nazirin müavini vurğuladı ki, indiyədək qaçqın və məcburi köçkünlər üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə, məhəllə salınıb, 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Təkcə 2013-cü ildə 20 mindən çox köçkün yeni evlərə köçürülüb. Dövlətimizin başçısı bu qəbildən olan insanlara kifayət qədər diqqət və qayğı göstərir. Lakin hələ də çətin şəraitdə yaşayan məcburi köçkünlər çoxdur. Təkcə Bakıda 300 min məcburi köçkün yaşayır və onların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, bu problem mərhələli şəkildə həll olunur.
Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Əli Həsənov demişdir ki, son 10 ildə Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevirən Prezident İlham Əliyev mütləq bu problemin də həllinə nail olacaqdır.
Qəbulda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qaçqın və məcburi köçkünlərin problemlərini diqqətlə dinlədi, bir sıra problemlər operativ şəkildə yerindəcə həllini tapdı, bəzi müraciətlər baxılması, araşdırılması və müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alındı.
Saat 9.00-dan 17.00-dək davam edən qəbulda ümumilikdə 500 nəfərdən çox məcburi köçkün vətəndaşın müraciəti dinlənildi.
Görüşün sonunda Baş nazirin müavini, hətta qəbula yazılmayan məcburi köçkünləri də qəbul etdi, onların da ərizələri baxılması və tədbir görülməsi üçün qeydiyyata alındı.
Əli Həsənov bildirdi ki, Bakının digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də davamlı olaraq ayrı-ayrılıqda görüşlər keçirəcəkdir.

Keçidlər