6 və 9-cu mikrorayonlarda yeni yollar salınır
Hazırda Binəqədi rayonunda ölkənin ən böyük məscid kompleksi tikilməkdədir. Kompleks bir böyük, iki kiçik gümbəzdən, 4 minarədən ibarət olacaqdır. Kompleksdə tikinti işləri sonuncu mərhələdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012 və 2014-cü illərdə kompleksin tikildiyi əraziyə gəldi, aparılan işlərlə yerində tanış olaraq müvafiq tapşırıqlar verdi. Məhz verilən tapşırıq və tövsiyyələrə əsasən, ibadətə gələnlərin rahatlığını təmin etmək məqsədilə hazırda Həmzə Babaşov, Zeytunluq, Üzeyir Hacıbəyov və Svetlana Məmmədova küçələrini, bir sözlə, 9-cu və 6-cı mikrorayonları ən qısa məsafədən birləşdirəcək yol tikintisi aparılır.
Binəqədi rayonunda aparılan quruculuq-abadlıq işlərinin davamı olaraq, 6-cı mikrorayon Svetlana Məmmədova küçəsi 201 və 203 saylı binaların, R.Behbudov küçəsi, 1a və 1b saylı binaların, fasad örtüklərinin dəyişdirilməsinə başlanılıb.
9-cu mikrarayon, Həmzə Babaşov küçəsi 12, 13, 14, 15, 16, 17, 19, 20 və 21 saylı evlərdə yenidənqurma işləri aparılır. Ümumilikdə 387 mənzili əhatə edən təmir işləri əsasında bütün evlərin fasad örtükləri dəyişdirilir, girişlər təmir olunur, köhnə liftlər yeniləri ilə əvəzlənir, eyvanlar tikilir, pəncərələr dəyişdirilir. Bundan əlavə, sözügedən ərazidə yaşıllaşdırma işləri aparılır, bəzi evlərin qarşısında dekorativ ağaclar, müxtəlif növ gül kolları əkilmiş, yaşıl qazonluq salınır.
Mir Cəlal küçəsi boyunca nəqliyyat vasitələrinin hərəkət etdiyi hissədə yol genişləndirilir və hərəkət istiqamətlərini ayıran səkidə yaşıllaşdırma işləri aparılır. Həmin ərazidə də müxtəlif növ gül kollarının, qazonların salınması nəzərdə tutulub və bu istiqamətdə işlər davam etdirilir.