Binəqədi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd olundu
İyunun 23-də Binəqədi rayonunda Dövlət Qulluqçularının peşə bayramı qeyd olundu. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, Aparatda çalışan bir qrup dövlət qulluqçusu, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri iştirak etdilər.
Bayram tədbiri müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyulması, dahi şəxsiyyətin ruhuna ehtiram göstərilməsi ilə başladı.
YAP Binəqədi rayon təşkilatının inzibati binasında davam edən tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açdı. X.İsgəndərov dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edərək, onlara öz fəaliyyətlərində uğurlar arzuladı. RİH başçısı dövlətə, vətənə xidmət işində hər bir dövlət qulluqçusuna ən ideal örnəyin möhtərəm Prezidentimiz cənab İlham Əliyev olduğunu qeyd etdi.
Daha sonra Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanov, Aparatın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Abbasova, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin gəlirlər sektorunun müdiri Elşən Məcidov çıxış edərək dövlət qulluğu sahəsində çalışmağı şərəfli və məsuliyyətli iş kimi səciyyələndirdilər.
Tədbirin sonunda bir qrup dövlət qulluqçusu təltif olundu.
Bundan əlavə, Dövlət Qulluqçularının peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında rayonun gənc dövlət qulluqçularına və bir qrup fəal gəncə “Dövlət qulluqçuları üçün etik davranış qaydaları” mövzusunda təlim keçirildi.