Binəqədi rayonunda 26 İyun Silahlı Qüvvələr Günü qeyd olundu
İyunun 25-də Binəqədi rayonunda 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi. Rayon ərazisində yerləşən N saylı hərbi hissədə gerçəkləşən tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, hərbi hissənin komandiri Vasif Ələkbərov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, əsgərlər, müharibə veteranları və rayon ictimaiyyətinin bir qrup nümayəndəsinin iştirakı ilə keçirildi.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş nitqi ilə hərbi hissənin komandiri Vasif Ələkbərov açdı, milli ordunun yaranma tarixi və keçdiyi şərəfli yoldan danışdı, ordu quruculuğuna göstərilən dövlət qayğısından bəhs etdi.
Hərbi hissənin şəxsi heyətini bu əlamətdar gün münasibətilə təbrik edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında müasir milli ordumuzu çağdaş Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsərlərindən biri adlandırdı. O, Ulu Öndər Heydər Əliyevin milli ordu, silahlı qüvvələr haqqında müdrik kəlamlarını səsləndirdi. RİH başçısı vurğuladı ki, Ulu Öndər keçmiş SSRİ dövründə Azərbaycana rəhbərliyi zamanı ölkəmizin ordu quruculuğu işində yaxından iştirakını təmin etmiş və həmin dövrdə formalaşan peşəkar kadrlar müstəqil Azərbaycanın milli ordusunun yaranmasıda möhkəm baza rolunu oynamışdır. Günbəgün güclənməkdə olan Azərbaycan ordusunun həm havadan, həm dənizdən, həm də qurudan cənab Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə böyük əzmlə Azərbaycan dövlətinin keşiyini çəkdiyini qeyd edən X.İsgəndərov vətənin, dövlətin keşiyini çəkməyin nə qədər çətin və gərgin olsa da, əzmkarlıq tələb etsə də, eyni zamanda müqəddəs missiya kimi səciyyələndirdi.
Tədbir hərbi hissənin xidmətdə fərqlənən hərbi qulluqçularının təltif olunması ilə davam etdi. Hərbi hissədə əsgərlər üçün yaradılmış şəraitlə tanış olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və qonaqlar əsgərlərlə birgə nahar etdilər.
Bayram tədbiri konsert proqramı ilə yekunlaşdı