Binəqədi rayonunda Elektron İnformasiya Köşklərinin təqdimatı oldu
İyulun 9-da Binəqədi rayonunda Elektron İnformasiya Köşklərinin təqdimatı oldu. Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında reallaşan tədbir Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strateji araşdırmalar və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov, Binəqədi RİH başçısı Aparatının məsul işçiləri və geniş media nümayəndələrinin iştirakı ilə keçirildi.
Tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanov modern və çevik idarəetmənin təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında təşkil edilməsi məqsədi ilə son illər mühüm tədbirlər görüldüyünü diqqətə çatdırdı. İ.Süleymanov bu istiqamətdə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən zəruri addımların atıldığını bildirdi, Binəqədi Rayon İcra Hakimiyyətində Avtomatlaşdırılmış İnformasiya Sisteminin, qısa vaxt ərzində sakinlər tərəfindən böyük rəğbətlə qarşılanan yerli icra hakimiyyətləri arasında ilk dəfə olaraq xüsusi texniki vasitələrlə və müvafiq proqram təminatı ilə təchiz edilmiş Sakinlərin Müraciət Xidmətinin yaradılmasını qeyd etdi. Bununla yanaşı, natiq Rayon İcra Hakimiyyətinin başçısı Aparatı ilə rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlar arasında elektron şəkildə yazışmalar aparılması üçün həmin qurumlara avtomatlaşdırılmış informasiya sistemindən istifadə imkanı yaradılmasını da bildirdi. İ.Süleymanov Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi işinə ayırdığı diqqətin vətəndaş məmnunluğuna nail olmaq baxımından çox böyük əhəmiyyət daşıdığını vurğuladı.
Binəqədi RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov informasiya köşklərinin iş prinsipi barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, hazırda rayon ərazisində İcra Hakimiyyətinin elektron informasiya köşklərinin Azadlıq prospekti 157 ünvanında yerləşən “Favorit” marketdə, 8-ci mikrorayon İ.Dadaşov küçəsi 60 ünvanında yerləşən “Bizim” marketdə və metronun “Azadlıq prospekti” stansiyasında quraşdırıldığını bildirdi, yaxın gələcəkdə bu köşklərin əhatə dairəsinin genişlənəcəyi və rayonun bütün inzibati ərazi dairələrini əhatə edəcəyi barədə məlumat verdi. İnteraktiv formada keçirilən təqdimatda E.İmanov jurnalistləri maraqlandıran sualları cavablandırdı.
Tədbir RYTN-nin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev və “ASAN xidmət”in Strateji araşdırmalar və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərovun çıxışları ilə davam etdi.
Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin elektron informasiya köşklərinin təbliğatı ilə əlaqədar hazırlanmış sosial reklam çarxının nümayiş etdirilməsi ilə yekunlaşdı. Tədbirdən sonra qonaqlar və media nümayəndələri Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binası ilə tanış oldular.