Bələdiyyələrlə aparılan işin vəziyyətinə həsr olunmuş Şura iclası keçirildi
2012-ci il noyabrın 6-da Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın Bələdiyyələrlə aparılan işin vəziyyətinə həsr olunmuş iclası keçirildi.
Rayonun idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən iclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov ölkə başçısının apardığı siyasət nəticəsində sosial-iqtisadi, ictimai-siyasi və digər sahələrdə əldə olunan uğurlardan söz açdı.
Əldə olunan uğurlarla yanaşı rayonun qəsəbələrində həllini gözləyən problemlərin də mövcudluğunu qeyd edən rayon rəhbəri əhalinin narazılığına səbəb olan amillərin araşdırılaraq aidiyyəti qurumlarla birlikdə həlli üçün müvafiq işlərin aparıldığını vurğuladı.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov bələdiyyələrlə aparılan işin vəziyyəti, mövcud problemlər haqda məruzə ilə çıxış etdi.
Məruzə ətrafında çıxış edən - Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi bələdiyyəsinin sədri Fəzail Babayev, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Rəşad Cabbarov, Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov, Xocasən bələdiyyəsinin sədri Məhərrəm Əsgərov rəhbərlik etdikləri bələdiyyələrdə görülən işlər barədə məlumat verdilər. Son dövrlərdə ölkədə aparılan quruculuq-bərpa işlərinin rayon ərazisində geniş vüsət aldığını vurğuladılar.
İclasın yekununda bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi, sosial-iqtisadi məsələlərin həlli istiqamətində tədbirlərin görülməsi və başqa təkliflər də nəzərə alınmaqla iclasın qərar layihəsi oxundu.