Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbəsində “Açıq qapı” vətəndaş forumu keçirildi

11 iyul 2014 | 10:00

Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Milli Fəaliyyət Planına əsasən Binəqədi rayonunda bu istiqamətdə tədbirlər həyata keçirilməkdədir. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yerlərdə və qəsəbələrdə sakinlərlə mütəmadi səyyar görüşlər keçirir. Belə görüşlər əhalinin problemlərinin həllində mühüm rol oynamaqla yanaşı, qəbul edilən qərarlarda, görülən işlər və atılan addımlarda ictimaiyyətin iştirakına əlverişli şərait yaradır.
Binəqədi rayonunda artıq mütəmadi xarakter almış  belə görüş və tədbirlər sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması baxımından səmərəli vasitələrdən biridir. Görüşlər zamanı sakinləri narahat edən problemlər onların özləri tərəfindən səsləndirilir, digər tərəfdən sakinlər yaşadıqları ərazidə öz problemlərini aidiyyəti qurumlara çatdırmaq imkanı qazanırlar. 
11 iyul 2014-cü il tarixində Biləcəri Bələdiyyəsinin inzibati binasında növbəti “Açıq qapı” vətəndaş forumu keçirildi.  Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə qəsəbə sakinləri iştirak etdilər.
Görüşdə qəsəbə sakinlərini narahat edən problemlər dinlənildi. Qaldırılan məsələlər arasında qəsəbənin bəzi yerlərində yolların asfaltlanması, su və kanalizasiya kimi kommunal problemlər oldu. Həmin problemlərin bir qisminin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə RİH başçısı tərəfindən yerindəcə tapşırıqlar verildi, bir qisminin həlli isə nəzarətə götürüldü. Ölkənin sürətli inkişafı və Binəqədi rayonunda gedən intensiv abadlıq-quruculuq işlərindən danışan sakinlər bu tədbirlərin rayonun sosial-iqtisadi tərəqqisinə təkan verdiyini və əhalinin rifah halının yüksəlməsinə müsbət təsir göstərdiyini bildirdilər. Sakinlər bu inkişaf tempinin onlarda məmnunluq yaratdığını və mövcud olan  bir sıra cari problemlərin aradan qaldırılacağına əminliklərini ifadə etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən “Açıq qapı” vətəndaş forumlarının keçirilməsi rayonun müxtəlif ərazilərində davam etdiriləcəkdir.

Keçidlər