Binəqədi rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu
18 iyul 2014-cü il tarixində Binəqədi rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında birinci yarımilin yekunları ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 iyul 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr də müzakirə edildi.
Hesabat iclasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası qarşısındakı abidəsinin önünə güllərin qoyulması və Ulu Öndərin xatirəsinin ehtiramla yad edilməsi ilə başlandı.
İclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov giriş nitqi söylədi, gündəlikdə duran məsələləri elan etdi. X.İsgəndərov çıxışında Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində cari ilin ilk altı ayının da ölkənin hərtərəfli inkişafı və tərəqqisi ilə yadda qaldığını bildirdi. Cari ilin ilk altı ayında ölkəmizin makroiqtisadi göstəricilərinin müsbət dinamik templə inkişaf etdiyini vurğulayan X.İsgəndərov bu dövrdə Binəqədi rayonunda da sosial-iqtisadi şəraitin yaxşılaşdığını, əksər statistik makro-iqtisadi göstəricilərdə artım müşahidə olunduğunu diqqətə çatdırdı. X.İsgəndərov hesabat dövründə Binəqədi rayonunda yeni iş yerləri və müəssisələr yaradılması, kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsi, rayona daha çox investisiya qoyulmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və maddi rifahının artmasına nail olunduğunu bildirdi.
Hesabat məruzəsi ətrafında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxış etdi. V.İsmayılov çıxışında möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində cari ilin 6 ayında ümumi daxili məhsulun artımının 2,1 faiz, qeyri-neft sektorunun real artım tempinin 7 faiz, inflyasiyanın 1,6 faiz təşkil etdiyini bildirdi. Hesabat məruzəsində əhalinin pul gəlirlərinin 4,7 faiz artmaqla inflyasiyanı 3 dəfə üstələdiyi, qeyri-neft sektorunun ümumi daxili məhsulda payının 56,3 faizə çatdığı, dövlət büdcəsinin gəlirlərinin 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirildiyi, xərcləri isə 8,7 milyard manat təşkil etdiyi qeyd olundu.
Binəqədi rayonunun sosial-iqtisadi həyatında 2014-cü ilin yanvar-iyun ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğuna diqqət çəkən V.İsmayılov 2014-cü ilin yanvar-iyun aylarında 86 milyon 360 min manatlıq və ya keçən ilin müvafiq dövründən 30,8% çox sənaye məhsulu istehsal edildiyini, sənaye müəssisələrində 6853 nəfərin çalışdığını, bunun da keçən ilin müvafiq dövründən 19,2% çox olduğunu, sənaye müəssisələrində orta aylıq əmək haqqının 491,9 manat və ya əvvəlki ilin müvafiq dövründən 2,6% çox olduğunu, iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 87 milyon 438 min manat məbləğində investisiyanın 79 milyon 132 min manatının tikinti-quraşdırma işlərinə sərf edildiyini diqqətə çatdırdı.
Hesabat iclası Binəqədi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Yusif Xəlilov və “Təmiz Binəqədi” sosial layihəsi barədə ətraflı məlumat verən rayonun fəal gənci Bəhruz Hüseynzadənin çıxışları ilə davam etdi.
Şuranın qərarı oxunulduqdan sonra müzakirələrə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekun vurdu.