Binəqədi rayonunda 22 İyul Milli Mətbuat günü münasibətilə tədbir keçirildi
İyulun 21-də Binəqədi rayonunda mətbuat işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi. Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) icraçı direktoru Vüqar Səfərli, bir sıra mətbuat orqanlarının rəhbərləri və KİV nümayəndələri iştirak etdilər.
RİH başçısı, qonaqlar və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Binəqədi RİH-in inzibati binasındakı büstünün önünə gül qoydular və dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildirdilər.
Tədbiri giriş ntqi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açdı. İlk öncə Alı Mustafayev, Salatın Əsgərova, Çingiz Mustafayev və öz peşə borclarını layiqincə yerinə yetirən və Vətən uğrunda canlarından keçən jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. X.İsgəndərov jurnalistləri peşə bayramları münasibətilə təbrik edərək bir xalqın tərəqqisini, xüsusilə də milli şüurunun inkişafını mətbuatsız təsəvvür etməyin çətin olduğunu diqqətə çatdırdi. Natiq davamlı olaraq tərəqqidə olan mətbuatın inkişafını şərtləndirən başlıca amil kimi ölkəmizdə yaradılmış demokratik mühit, söz və ifadə azadlığının təmin olunması, plüralizm və ən əsası mətbuata göstərilən dövlət qayğısını vurğuladı. RİH başçısı Ümummilli Lider Heydər Əliyevin senzuranı ləğv etməsini mətbuatın inkişafını sürətləndirməklə yanaşı, bu sahənin sağlam təməllər üzərində dayanması, mətbuatın zəngin və şərəfli tarixinə layiq fəaliyyət göstərməsinə güclü stimul yaratdığını dedi. X.İsgəndərov Prezident İlham Əliyevin mətbuatın tərəqqisini daim diqqətdə saxlaması bu sahənin inkişafına əsaslı təsir göstərməklə yanaşı həm də mətbuatın fəaliyyətində hər kəsin üzərinə məsuliyyət qoyduğunu qeyd etdi.
Tədbir “Binəqədi” qəzetinin baş redaktoru Rüfət Mərdanov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Respublika”qəzetinin baş redaktor müavini Hümbət Musayev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun və KİVİDDF-nin icraçı direktoru Vüqar Səfərlinin çıxışları ilə davam etdi.
Tədbirin sonunda peşə bayramları münasibətilə KİV nümayəndələrinin mükafatlandırılması mərasimi oldu, tort kəsildi və jurnalistlərlə xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşdı.