Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı gənclərlə görüşdü
İyulun 22-də Binəqədi Rayon İcra Hakimiyyətində rayonun fəal gəncləri ilə görüş keçirildi. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gənclik çağlarının insan ömründə ən məhsuldar və yaddaqalan dövr olduğunu diqqətə çatdırdı. RİH başçısı qeyd etdi ki, Azərbaycan gənclərin bilik və bacarıqlarının reallaşması baxımından geniş imkanların yaradıldığı nadir ölkələrindəndir. Bu siyasətin əsasının müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu bildirildi. X.İsgəndərov gənclərin öz potensialından cəmiyyətin inkişafı üçün istifadə etməsinin zəruriliyinə toxundu və bu gün ölkə rəhbərliyi səviyyəsində gənclərin cəmiyyət həyatında layiqli iştirakı, eləcə də öz enerjilərinin, qurub yaratmaq həvəslərinin düzgün və səmərəli istifadəsi üçün hərtərəfli şərait yaradıldığını vurğuladı.
Binəqədi RİH-in inzibati binasının qarşısında açıq havada keçirilən görüş səmimi mühitdə davam etdi və maraqlı müzakirələrlə yadda qaldı. Müzakirələrdə fəal gənclər, eləcə də “Bakı 2015” I Avropa Oyunları ərəfəsində rayonda start götürmüş “Təmiz Binəqədi” sosial layihəsində könüllü iştirak edən gənclər aktivlik göstərmiş, suallar vermiş və maraqlı təkliflərlə çıxış etmişlər. Səsləndirilən təkliflər arasında “Təmiz Binəqədi” sosial layihəsini özündə əks etdirən videoçarxın hazırlanması, rayonun müxtəlif ərazilərində maraqlı təqdimatlarla çıxış edən, və fləşmoblar keçirən “Yaşıl Adam” personajının yaradılması, şüşə və polietilen tullantılarından ibarət evin quraşdırılması, əcnəbi vətəndaşların dilindən Azərbaycan dilində “Təmiz Binəqədi” sloqanının səsləndirilməsi kimi ideyalar əsas yer tutur.
RİH başçısı verilən sualları cavablandırdı, gənclərin irəli sürdüyü təklifləri diqqətlə qarşıladı və müasir gəncliyin təşəbbüskar aktivliyini müsbət qiymətləndirdi.
Müzakirələr zamanı gənclərə öz tövsiyyələrini verən X.İsgəndərov bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü gənclər siyasəti nəticəsində gənclərin cəmiyyət həyatında artıq müşahidəçi qismindən birbaşa proseslərin iştirakçısına çevrildiyini bildirdi. RİH başçısı vurğuladı ki, hər bir gənc fəaliyyətində dövlətimizə, vətənimizə sədaqətli olmalı, Azərbaycanın sabitliyi və inkişafının qarantı olan dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisinə öz töhfəsini verməlidir.