28 May qəsəbəsi abadlaşdırılır
Respublikamızın hər yerində olduğu kimi paytaxtın Binəqədi rayonu ərazisində də davamlı abadlıq-quruculuq işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı dövlət proqramları, fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi Binəqədi rayonunun 28 May qəsəbəsində davam etdirilir.
Rayonun bütün yaşayış sahələrində olduğu kimi, hazırda rayonun 28 May qəsəbəsi, o cümlədən Bakı-Şamaxı yolunun qəsəbədən keçən hissəsi əsaslı şəkildə yenidən qurulur və abadlıq-quruculuq işləri aparılır. Belə ki, yolların ətrafları abadlaşdırılır, yolkənarı hasarlara müasir üzlük daşlar vurulur, sakinlərə məxsus fərdi yaşayış evlərinin hasarları və darvazaları əsaslı təmir edilir və rənglənir, həyətlərə yeni giriş qapıları qoyulur, avtobus dayanacaqlarına oturacaqlar qoyulur, dekorativ hasarlar çəkilir, hasarlar dekorativ kollarla bəzədilir, ağaclar, kollar, güllər əkilir, landşaft elementlərindən ibarət maraqlı kompozisiyalar yaradılır, sahibkarlara məxsus obyektlərin fasadları təmir edilir, yolların ətrafları asfaltlanır. Bütün görülən işlər memarlığın yeni elementləri tətbiq edilməklə həyata keçirilir.
Həmçinin “Bakı 2015” İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində Binəqədi rayonunda start götürmüş “Təmiz Binəqədi” sosial layihəsi ilə əlaqədar görülən işlər çərçivəsində məişət tullantıları üçün yeni konteynerlər yerləşdirilir.
Rayonun infrastruktur sahələrində yenilənmə və əsaslı təmir işləri çərçivəsində qəsəbənin İzlivnoy küçəsində kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində işlər sürətlə davam etdirilir.
İyun ayında başlanmış təmir-tikinti işləri artıq yekunlaşmaq üzrədir.