Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış oldu
11 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış oldu.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası uğurla həyata keçirilir. Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yaşıllıqlar salınır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu istiqamətdə görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Qeyd edildi ki, 115 nömrəli məktəbin binası 1965-ci ildə inşa olunub. Dövlətimizin başçısının tapşırıqlarına əsasən 5 min kvadratmetr tikinti sahəsi olan məktəbdə yeni dərs ili ərəfəsində əsaslı yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib. 47 sinif otağından ibarət 1380 şagird yerlik məktəbdə dərslər əsasən iki növbədə keçiriləcək. Məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri yüksək səviyyədə təmir olunub və lazımi ləvazimatla təchiz edilib.
Prezident İlham Əliyev sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış oldu.
Məktəbin akt zalı, yeməkxanası, açıq və örtülü idman meydançaları da ən müasir standartlara uyğun şəkildə yenidən qurulub. Təhsil ocağının bir hektarlıq həyətyanı sahəsində abadlıq və quruculuq işləri həyata keçirilib, yaşıllıqlar salınıb. İstilik və işıqlandırma sistemləri də müasir standartlar səviyyəsindədir. Məktəb içməli və texniki su sistemləri ilə təchiz edilib.