Binəqədi rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirildi
22 avqust 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüş keçirildi. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, sədrin müavini Siyavuş Heydərov, Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri Ramiz Göyüşov, Nuridə Allahyarova, Yunis Hüseynov, həmçinin Dövlət Komitəsinin Bakı şəhər üzrə şöbəsinin müdiri Anar Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Binəqədi qəsəbəsi “Came” məscidinin axundu Şabala Əliməmmədov, Rayon hüquq-mühafizə orqanlarının rəhbərləri Binəqədi rayonunda fəaliyyət göstərən dini icmaların nümayəndələri, bir qrup rayon ağsaqqalı iştirak etdilər.
Tədbiri Binəqədi RİH başçısı Xaləddin İsgəndərov giriş nitqi ilə açaraq, cəmiyyətdə mənəviyyat sisteminin özəyini təşkil edən dini dəyərlərə dövlət qayğısından danışdı. RİH başçısı rayonun ictimai-siyasi vəziyyətinin tərkib hissəsi kimi dini vəziyyətin də daim nəzarətdə saxlanıldığını bildirdi. Yad ideyaların təsirində formalaşmış, millilikdən uzaq, milli və dini birliyimizə xələl gətirən təbliğatlara qarşı hər kəsin, eləcə də din xadimlərinin ayıq-sayıq olmasının, dini təbliğatı sağlam əsaslar və mənəviyyat üzərində qurmağın vacibliyini diqqətə çatdırdı.
DQİDK-nın Bakı şəhər üzrə şöbəsinin müdiri Anar Kazımov Binəqədi rayonundakı dini vəziyyət barədə məlumat verdi.
Sonra Şabala Əliməmmədov və Musa İbrahimov rayon dindarları adından çıxış edərək dini dəyərlərimizə göstərilən dövlət qayğısının olduğunu qeyd etdilər və buna görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək müstəqilliyin bərpasından sonra dini dəyərlərimizə qayıdışın baş verdiyini bildirdi. Bu sahədə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən , Prezident İlham Əliyevin milli-mənəvi dıyərlərimizin qorunması istiqamətində gördüyü işlərdən danışdı. Həmçinin M.Qurbanlı qeyri-ənənəvi və zərərli dini təbliğatların qarşısının alınmasında din xadimlərinin rolunun vacibliyini qeyd etdi. Dövlət komitəsinin sədri dini icma nümayəndələrini maraqlandıran sualları da cavablandırdı.
Sonda Mübariz Qurbanlıya xatirə hədiyyəsi təqdim edildi.