Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər hərbi and içdilər

24 avqust 2014 | 10:00

   Avqustun  24-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir. İlk dəfə olaraq Binəqədi rayonundan hərbi xidmətə çağırılmış və Respublikanın ayrı-ayrı bölgələrində əsgəri borclarını yerinə yetirən gənc əsgərlərin andiçmə mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak etmişdirlər.
   Bu məqsədlə Lənkəran şəhərinə Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanov və Aparatın şöbə müdiri Yunis Hüseynov, Gəncə şəhərinə Aparatın şöbə müdirləri Elnur İmanov və Ədalət Rəcəbov, Naxçıvan Muxtar Respublikasına isə Aparatın şöbə müdiri Ramiz Göyüşov və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov ezam olunmuşdular.
   Binəqədi rayonundan hərbi xidmətə  çağırılmış əsgərlərin andiçmə mərasimində iştirak edən Binəqədi RİH başçısı Aparatının məsul işçiləri bu hərbi ritualın icrasını yaxından izləmiş, mərasimdə çıxış edərək gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini artırmaları, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmağı tövsiyə ediblər. Dövlətçiliyin mühüm atributu olan milli ordu quruculuğunu Ali Baş Komandan İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətinin ən mühüm tərəflərindən biri olduğu əsgərlərlə görüşdə onların diqqətinə çatdırılaraq, hər bir Azərbaycan gəncinin, müstəqil dövlətimizin qüdrətli ordusunda xidmət etməklə fəxarət hissi duymalı olduğu vurğulanaraq şərəfli və müqəddəs missiyanı daim alnıaçıq, üzüağ yerinə yetirməkdə onlara müvəffəqiyyətlər arzulandı.
   Rəsmi mərasim bağlı elan olunduqdan sonra şəxsi heyət qarşısında bayram proqramı nümayiş edilib, Binəqədi Rayon İcra Hakimiyyəti adından əsgərlərə hədiyyələr təqdim edilib və sonda hərbi hissələrdə yaradılmış şəraitlə tanışlıq olub.
   Andiçmə mərasimində iştirak edən Binəqədi rayonundan olan hərbi xidmətə çağırılmış əsgərlərin valideynləri Rayon İcra Hakimiyyəti əməkdaşlarının əsgərlər üçün çox əlamətdar gündə iştirak etmələrini məmnunluqla qarşılayaraq bu təşəbbüsün ilk dəfə həyata keçirildiyini diqqətə çatdırdılar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər