Binəqədi rayonunda yüksək balla ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirildi
27 sentyabr 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 2014-2015-ci tədris ilində yüksək bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov və gənclər iştirak edirdi.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov tədbiri giriş sözü ilə açaraq yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan gəncləri təbrik etdi, onların əldə etdiyi bu uğurun hələ başlanğıc olduğunu və gənclərin bundan sonra həyatlarının daha məsuliyyətli dövrünə qədəm qoyduqlarını bildirdi.
Sonra Rayon Gənclər və İdman İdarəsinin məsul işçisi Ülviyyə Usubova Binəqədi rayonunda gənclər və idman sahəsində həyata keçirilən tədbirlər haqqında təqdimatla çıxış etdi. Təqdimatda bilavasitə rayon gənclərinin təklifləri əsasında reallaşdırılan layihələr tədbir iştirakçılarının nəzərinə çatdırıldı.
YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov çıxış edərək gənclərə xarici dil və informasiya texnologiyaları sahəsində biliklərinin inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək tədbirlər haqqında məlumat verdi.
Tədbirdə çıxış edən Binəqədi RİH başçısının müavini Aygün Əliyeva rayon rəhbərliyinin hər zaman gənclərin arzu və istəklərini diqqət mərkəzində saxladığını diqqətə çatdırdı. Gənclərin ideyalarının gerçəkləşdirilməsi üçün rayonda əlverişli şəraitin yaradıldığı bildirən A.Əliyeva onlara rayonda həyata keçirilən tədbirlərdə fəallıq göstərməyi tövsiyə etdi.
Sonra tədbir gənclərin təkliflərinin dinlənilməsi ilə davam etdirildi.
Tədbir yüksək bal toplayan gənclərin mükafatlandırılması və çay süfrəsi ətrafında disskusiya ilə davam etdirildi.