Binəqədi rayonunda “Heydər Əliyev Milli Təhsil Sisteminin Qurucusudur” mövzusunda elmi-praktiki konfrans keçirildi
Oktyabrın 9-da Binəqədi rayonunda “Heydər Əliyev Milli Təhsil Sisteminin Qurucusudur” mövzusunda elmi-praktiki konfrans keçirildi. Binəqədi Rayon İcra Hakimiyyətinin rayonun təhsil işçiləri ilə birgə keçirdiyi konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, dosent Oktay Səmədov, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elçin Babayev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin əməkdaşı Sərraf Hüseynov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, “Xəzər” Universitetinin təsisçisi və rektoru, professor Hamlet İsaxanlı, Milli Məclisin Elm və təhsil daimi komissiyasının üzvü, millət vəkili, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, Neft-Kimya prosesləri institutunun direktoru, akademik Vaqif Abbasov, “Xəzər” Universitetinin magistratura və doktorantura şöbəsinin müdiri fəlsəfə doktoru Eldar Şahgəldiyev, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun tədris müəssisələrinin rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbir Hamlet İsaxanlının “Dünya təcrübəsi və milli təhsil sistemi”, Əhməd Vəliyevin “Azərbaycanda uğurlu təhsil siyasətinin həyata keçirilməsində Heydər Əliyev fondunun rolu”, Eldar Şahgəldiyevin “Azərbaycanda doktorantura təhsilinin istiqamətləri və perspektivləri”, Asəf Zamanovun “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Bakı Dövlət Universitetinin magistrı Sitarə Cabbarlının “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda məruzə ilə çıxışları ilə davam etdi.
Məruzələrin ardınca Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, dosent Oktay Səmədov, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin əməkdaşı Sərraf Hüseynov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxış etdilər.
Çıxışlara Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekun vurdu. RİH başçısı Ulu Öndər Heydər Əliyevin “Mən müəllimdən yüksək ad tanımıram” kəlamını xatırladaraq bu adın cəmiyyətdə daim uca tutulduğunu diqqətə çatdırdı. Ümummilli Liderin elmə, təhsilə göstərdiyi qayğıdan bəhs edən X.İsgəndərov, bu dahi şəxsiyyət tərəfindən əsası qoyulan təhsil siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla icra edildiyini vurğuladı. Natiq son bir ildə Prezident İlham Əliyevin iki dəfə Binəqədi rayonunda yeni tikilmiş məktəb binalarının açılışında iştirak etməsini təhsilə göstərilən dövlət qayğısının əyani sübutu kimi səciyyələndirdi. RİH başçısı həmçinin, çıxışında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yorulmaz fəaliyyətini qeyd edərək onu təhsilimizin himayədarı olduğunu vurğuladı.
“Heydər Əliyev Milli Təhsil Sisteminin Qurucusudur” mövzusunda keçirilən elmi-praktiki konfransın rəsmi hissəsi Binəqədi rayonundan olan “Tərəqqi” medalına, “Əməkdar müəllim” adına layiq görülmüş müəllimlərə, rayonun ictimai-mədəni həyatında fəallıqları ilə seçilən məktəbəqədər təhsil müəssisələrində çalışan 3 işçiyə və 26 nömrəli uşaq və gənclərin yaradıcılıq mərkəzinin direktoruna hədiyyələr təqdim olunması ilə yekunlaşdı.
Tədbir respublikanın tanınmış incəsənət ustalarının ifasında səslənən nəğmələrin sədaları altında nahar ziyafəti ilə sona çatdı.