Binəqədi rayonunda “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda müşavirə keçirildi
Oktyabrın 9-da Binəqədi Rayon İcra Hakimiyyəti və FHN-in Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə cari payız-qış mövsümü ilə əlaqədar “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda tədbir keçirildi.
Müşavirəni giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov açaraq tədbirin əhəmiyyətindən danışdı, baş verən yanğın faciələrinin və dəm qazı zəhərlənmələrinin qarşısının alınması üçün əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu vurğuladı.
FHN Bakı Regional Mərkəzinin rəis müavini, tibb xidməti polkovniki Cəfər Məmmədov çıxış edərək cari ilin 9 ayı ərzində baş verən yanğınların statistikası və onların baş vermə səbəbləri barədə məlumat verdi. Natiq qeyd etdi ki, belə hallarla mübarizə aparmağın yolları maarifləndirmə işinin daha da artırılması, eləcə də reydlər zamanı yanğın təhlükəsizliyi norma və qaydaları tələblərinin pozulması halları ilə bağlı daha ciddi tədbirlərin görülməsidir.
Müşavirədə FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşları, Binəqədi rayon Mənzil Komunal Təsərrüfat Birliyi, Qaz İstismar Sahəsi, Enerji Təchizatı və Satışı İdarəsi, Təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları “Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti: problemlər və həlli yolları” “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti: problemlər və həlli yolları ,“Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar etdilər.
Müşavirə zamanı rayon ərazisindəki bir çox yerdə yanğın hadisələri zamanı yanğınsöndürən və təcili tibbi yardım maşınlarının əraziyə daxil olmasına çətinlik yaradan dəmir dirəklərin və şlaqbaumların artıq söküldüyü, binalararası beton maneələrin yığışdırıldığı qeyd olundu, hələ də mövcud olan problemlər və onların həlli istiqamətində görüləcək işlər barədə məlumat verildi.
Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar da nümayiş olundu.