Binəqədi rayonunda Müslüm Maqomayev adına 26 saylı musiqi məktəbinin açılışı oldu
Oktyabrın 10-da Bakı şəhərində görkəmli sənətkar, SSRİ Xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin adını daşıyan 26 nömrəli onbirillik musiqi məktəbinin binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, nazir müavini Sevda Məmmədəliyeva, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, nazirliyin əməkdaşları, mədəniyyət xadimləri, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Mərasimdə çıxış edən nazir dahi sənətkarın adının əbədiləşdirildiyi musiqi məktəbinin binasının əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsini mədəni ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə paytaxtımızda və regionlarda mədəniyyət ocaqlarının yenidən qurulduğunu, yeni mədəniyyət müəssisələrinin inşa edildiyini diqqətə çatdıran Əbülfəs Qarayev bu sahəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdi. Müslüm Maqomayevin ölməz sənətinin, yaratdığı bənzərsiz musiqilərinin onların sədası ilə yetişəcək nəsillərin sayəsində daim yaşayacağını deyən nazir dahi sənətkarın ruhunun, vətənə məhəbbətinin, sənətə sonsuz sevgisinin bu məktəbin şagirdlərinə daim aşılanacağına, o mühitin formalaşdırılacağına inamını ifadə etdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov görkəmli sənətkarın adını daşıyan məktəbin əsaslı təmir-bərpadan sonra açılışının rayon ictimaiyyəti üçün önəmli hadisə kimi dəyərləndirdi, bu faktın mədəniyyətimizə dövlət qayğısının daha bir göstəricisi olduğunu dedi.
Müslüm Maqomayevin yaxın dostu, Xalq artisti, kinorejissor Eldar Quliyev sənətkarın Azərbaycan sevgisindən və bu sevginin musiqilərdə təcəssümündən danışdı, onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən işlərin əhəmiyyətini vurğuladı, pedaqoji heyətə və şagird kollektivinə uğurlar arzuladı.
Təhsil ocağının direktoru Gülşən Quliyeva çıxışında məktəbin tarixinə qısa nəzər saldı, yaradılan şəraitə görə təşəkkürünü bildirdi.
Sonra qonaqlar binada yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, 1978-ci ildən fəaliyyət göstərən məktəbdə fortepiano, violin, fleyta, klarnet, ksilofon, tar, kamança, saz, kanon, qarmon, nağara, xanəndə ixtisasları üzrə 440 şagird təhsil alır, 104 müəllim çalışır. Məktəbin müəllim və şagirdləri şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edir, yüksək nailiyyətlər qazanırlar.
Sonda məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim olundu.