Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 18 oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 23-cü ildönümü münasibətilə tədbir keçirildi

16 oktyabr 2014 | 10:00

    Oktyabrın 16-da Binəqədi rayonunda 18 oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 23-cü ildönümü münasibətilə tədbir keçirildi.  Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Hüseynbala Mirələmov, Rəfael Cəbrayılov, Madər Musayev, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayonun ziyalıları və ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
     Tədbir Binəqədi RİH başçısının və qonaqların Ulu Öndər Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasındakı abidəsi önünə gül dəstələrinin qoyulması ilə başladı.
     Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasındakı akt zalında gerçəkləşən tədbirdə tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun qələmə aldığı “Xəcalət” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş etdirildi. Azərbaycan Akademik Milli Dram Teatrı kollektivinin ifasında göstərilən, vətənpərvərlik, dövlətə və xalqa sədaqət ruhunu tərənnüm edən tamaşada insan mənəviyyatının hər şeyin fövqündə olduğu ifadə olundu, həmçinin Qarabağla bağlı Azərbaycan həqiqətləri, erməni qəsbkarlarının əzəli yurd yerlərimizi işğal etməsi, soydaşlarımızı qırğınlara, qətliamlara məruz qoyması bədii obrazların dili ilə canlandırıldı. Tamaşa ölkəmizin ərazi bütövlüyünün istənilən yolla bərpa edilməsi, vətənə, dövlətə, xalqa sədaqət və məhəbbət ruhunu ifadə edən fikirlərlə yekunlaşdı.
     Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə gənclər və yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların dövlətə və millətə sədaqət ruhunda formalaşdırılmasına istiqamətləndirilmiş tədbirlərdən biri kimi bu tamaşanın da nümayişi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
    Tamaşa yekunlaşdıqdan sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək dövlət müstəqilliyinin bərpa olunmasının 23-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Tamaşanın tərbiyəvi baxımdan əhəmiyyətli olduğunu vurğulayan RİH başçısı, bu gün ölkə müstəqilliyinin gerçək təminatçısı olan Prezident İlham Əliyevin yorulmaz fəaliyyətini qeyd etdi. X.İsgəndərovun çıxışında təbii sərvətlərlə zəngin olan bir sıra ölkələrdə hökm sürən xaosa, müstəqilliyin formal olmasına toxunuldu, bunun fonunda Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu və Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilən məqsədyönlü və ən əsası dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdırıldığı xüsusi vurğulandı.
     Bayram tədbiri əsərin müəllifi yazıçı, millət vəkili Hüseynbala Mirələmovun çıxışı ilə başa çatdı.

Keçidlər