Binəqədi rayonunda 2014-cü ilin doqquz ayı üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə olundu
17 oktyabr 2014-cü il tarixində Binəqədi rayonunda 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında doqquz ayın yekunları ilə yanaşı, 8 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr də müzakirə edildi.
Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələrinin qoyulması və Ulu Öndərin xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan iclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İclası giriş nitqi ilə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq ilk öncə gündəlikdə duran məsələləri elan etdi, daha sonra Azərbaycanın iqtisadi uğurlarından, respublikada həyata keçirilən qlobal layihələrdən, abadlıq və quruculuq işlərindən, habelə qarşıda duran vəzifələrdən danışdı. X.İsgəndərov Ulu öndərin əsasını qoyduğu tərəqqi strategiyasını müasir dövrün tələblərinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2014-cü ilin doqquz ayının da ölkənin hərtərəfli inkişafı və tərəqqisi ilə yadda qaldığını bildirdi. Hesabat dövründə çox müsbət göstəricilərin əldə olunduğuna toxunan X.İsgəndərov dünyada təbii sərvətlərlə zənginliyi ilə seçilən müxtəlif regionlarında cərəyan edən hadisələrin, yaşanan problemlərin fonunda Azərbaycanın həm ictimai-siyasi, həm də sosial-iqtisadi cəhətdən inkişaf tempini qoruyub saxlamasını dövlət başçısının yürütdüyü Azərbaycan xalqının və dövlətinin maraqlarını prioritet götürən praqmatik siyasətin məntiqi nəticəsi kimi səciyyələndirdi. O həmçinin, rayonda aparılan yenidənqurma işləri barədə tədbir iştirakçılarına məlumat verdi, əldə olunan nailiyyətləri diqqətə çatdırdı. Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 13-də Binəqədi qəsəbəsində yerləşən 182 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak etdiyini vurğuladı və son bir neçə ay ərzində ölkə başçısının bir neçə dəfə rayonda olduğunu diqqətə çatdırdı.
Hesabat məruzəsində ötən dövr ərzində rayonda sənaye sahəsində 2014-cü ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövründən 27,9% çox sənaye məhsulu istehsal edildiyi, sənaye müəssisələrində işlə təmin olunanların keçən ilin müvafiq dövründən 17,7% çox olduğu diqqətə çatdırıldı.
Tədbir hesabat məruzəsi ətrafında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılovun çıxışı ilə davam etdi. Binəqədi rayonunun sosial-iqtisadi həyatında 2014-cü ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğuna diqqət çatdıran V.İsmayılov ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayının 45 min 551 nəfər olduğunu, onlardan 17 min 356 nəfərinin dövlət, 28 min 185 nəfərinin isə qeyri-dövlət sektorunda çalışdığını vurğuladı. Binəqədi rayonunda 4 min 359 yeni iş yerinin açıldığını, bunun da hamısının daimi iş yerləri olduğunu bildirdi.
Natiq qeyd etdi ki, Binəqədi rayonu ərazisində abadlıq-quruculuq istiqamətində görülən işlərin son aylarda “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində daha da intensiv xarakter alması rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb və görülən işlər nəticəsində sakinlərin kommunal və digər sahələrdə mövcud olan bir sıra problemlər öz həllini tapıb. Belə ki, rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb və bu istiqamətdə işlər bu gün də davam etdirilməkdədir.
Hesabat yığıncağı rayonda ayrı-ayrı sahələr üzrə icra strukturları rəhbərlərinin çıxışı ilə davam etdi, Şuranın qərarı oxunulduqdan sonra müzakirələrə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekun vurdu.