Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Azərbaycan-Qazaxıstan münasibətlərinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirildi

21 oktyabr 2014 | 10:00

     Oktyabrın 21-də “Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətləri və onun türkdilli dövlətlər arasında əlaqələrin inkişafına təsir imkanları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi. Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbir Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşdi.
    Elmi-praktiki konfransı giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva açdı. Azərbaycan Respublikasının gənc və müstəqil dövlət kimi bütün ölkələrə qarşı dostluq, sülhsevər və qarşılıqlı hörmət ehtirama söykənən münasibətləri arasında türkdilli ölkələrin xüsusi yer tutduğunu diqqətə çatdırdı. Ölkəmizlə türkdilli dövlətlər arasındakı əlaqələr yalnız dostluq, əməkdaşlığa əsaslanmadığına toxunan A.Əliyeva bunun daha mühüm faktorla – bütün münasibətlərin fövqündə dayanan qardaşlıqla əlaqəli olduğunu vurğuladı. Binəqədi RİH başçısının müavini Türkdilli dövlətlər arasında qardaşlığa söykənən münasibətlərin səviyyəsinin tarixi bağlarla yanaşı, bu gün hər biri müstəqil dövlət olan ölkələrin rəhbərlərinin şəxsi iradəsindən də qaynaqlandığını vurğulayaraq ümummilli lider Heydər Əliyevin fəaliyyət istiqamətlərindən birinin də türkdilli ölkələrin bir-birinə yaxınlaşması, mövcud münasibətlərin daha da möhkəmlənib inkişaf etməsinin olduğunu bildirdi. Natiq Ulu Öndərin əsl liderlik keyfiyyətlərinə malik bir şəxs kimi təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında birləşdirici şəxs kimi qəbul olunduğunu deyərək, hazırda Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla icra olunduğunu qeyd etdi.
     Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov çıxışında Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafının zəruriliyini və bu strateji əməkdaşlığın regional təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətindən bəhs etdi.
Millət vəkili Aydın Mirzəzadə bir müddət öncə Avrasiya İqtisadi Birliyinin təsis edilməsi məqsədi ilə Astana sammitində Qazağıstan prezidenti cənab Nursultan Nazarbayevin çıxışı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında cənab İlham Əliyevin mövqeyinin ikitərəfli münasibətlərin inkişafına müsbət təsirindən danışdı.
     TÜRKPA-nın komissiya katibi Dastan Urmanbetov, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Almaz Burkutbayev türkdilli dövlətlər arasında dostluq əlaqələrinin inkişafında dövlət və cəmiyyət olaraq bu ölkələrin ciddi səylə çalışmalı olduğunu bildirdilər, Azərbaycanın bu sahədəki davamlı xarakter alan təşəbbüskar aktivliyini xüsusi minnətdarlıqla qeyd etdilər.
Digər çıxışçılar İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan İqtisadçılar İttifaqının sədr muavini Elşad Səmədzadə, Azərbaycan Gənc Diplomatlar Birliyinin sədri Rafət Əliyev və YAP Binəqədi rayon Təşkilatının baş təlimatçısı, AGDB-nin idarə heyətinin üzvü Əlimərdan Sultanov türkdilli dövlətlər arasında dostluq əlaqələrinin inkişafında gənclərin fəaliyyətinin artırılmasının vacibliyini qeyd etdilər.
    Elmi-praktiki konfrans mövzu ətrafında aparılan diskussiyalarla yekunlaşdı

Keçidlər