Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirildi

23 oktyabr 2014 | 10:00

   Oktyabrın 23-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Rəsulzadə qəsəbəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu keçirildi. Forumda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, İqtisadiyyat və Sənaye  Nazirliyinin Sahibkarlığa  Kömək  Milli  Fondunun icraçı direktoru Şirzad Abdullayev və 100 sahibkar iştirak etdi.
   İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verildi, Binəqədi rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olundu, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparıldı.
   Forumu giriş nitqi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov  açaraq sahibkarlara göstərilən dövlət qayğısından danışdı, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla icra edilən sahibkarlığın inkişafına dövlət dəstəyi siyasətini ölkənin iqtisadi yüksəlişinin mühüm istiqaməti kimi səciyyələndirdi.
   RİH başçısı vurğuladı ki, dövlətimizin başçısı cənab İlham Əliyev sahibkarlığın inkişafı üçün güclü siyasi iradə nümayiş etdirir. Dövlət başçısı cənab İlham Əliyevin bilavasitə diqqəti və tapşırığı ilə ölkədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin Binəqədi rayonunda da reallaşdığını qeyd edən X.İsgəndərov bütün bunların sahibkarlığın inkişafı üçün güclü stimul olduğunu bildirdi. 
   100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının, plastik qapı-pəncərə istehsalı müəssisəsinin və tikiş sexinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirildi, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirildi, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıldı. 
   Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirdi ki, ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 910 investisiya layihəsinin maliyyələşdirilməsinə 202,2 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, ət emalı, metal konstruksiya və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 7000-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
   İşgüzar forum çərçivəsində Bakı qəsəbələrində fəaliyyət göstərən 34 sahibkara 1,8 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, un məmulatları, qapı-pəncərə, mebel istehsalı, müasir istixana kompleksin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4545 sahibkara 245,8 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
   Forum çərçivəsində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində güzəştli kredit ayrılmış müasir texnologiyaların tətbiqinə əsaslanan tikinti materialları istehsal edən müəssisənin fəaliyyətinə baxış keçirildi. İldə 30 min ton PVC tərkibli yarımfabrikatlar istehsal etmək gücündə olan bu  müəssisəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. Ümumilikdə, Fond tərəfindən son illər müasir texnologiyaların tətbiqinə əsaslanan tikinti materialları istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 65,4 milyon manat güzəştli kredit verilib..

Keçidlər