Binəqədi rayonunda “Gigiyenik qaydalara düzgün əməl edək” adlı silsilə təlimlərə start verildi
Binəqədi rayonunda Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikası İctimai Səhiyyə və İslahatlar Mərkəzi və NİCOS şirkətinin təşkilatçılığı ilə rayonun bütün orta ümumtəhsil məktəblərini əhatə edən “Gigiyenik qaydalara düzgün əməl edək” adlı layihəyə start verilib.
Bununla əlaqədar olaraq layihənin açılış tədbiri və ilk seminar Binəqədi rayon 276 saylı tam orta məktəbdə keçirildi.
Tədbirin açılışında YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsinin müdiri Nuridə Allahyarova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli, Səhiyyə Nazirliyinin ictimai-səhiyyə mərkəzi layihələrin əlaqələndirmə şöbəsinin müdiri Səbinə Babazadə, “NURGÜN Group” Şirkətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Reala İsazadə və digər dəvətlilər iştirak etdi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov layihənin məqsəd və vəzifələrindən danışdı. O elm, təhsil və səhiyyə sisteminin inkişafının daim Prezident İlham Əliyevin diqqətində olduğunu qeyd etdi. Ramiz Göyüşov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə reallaşdırılan “Təmiz Binəqədi” sosial layihəsi və bu layihə çərçivəsində icra olunmuş tədbirlərlə yanaşı, 3 noyabr tarixindən etibarən 15 gün müddətində Binəqədi rayonu üzrə məktəbləri əhatə edəcək “Gigiyenik qaydalara düzgün əməl edək” adlı layihədən danışdı. Natiq sağlam həyat tərzinin, gigiyenik qaydalara düzgün əməl edilməsinin insan sağlamlığı üçün vacib əhəmiyyətini qeyd edərək, təşkilatçılar tərəfindən belə maarifləndirici layihənin yeniyetmələrə sağlam həyat tərzi aşılamaq istiqamətində mühüm rolu olduğu qeyd etdi, layihə çərçivəsində Binəqədi rayonu üzrə 32 məktəbin mindən artıq şagirdini əhatə edəcək 7 təlimin keçiriləcəyini, təlimlərin Binəqədi rayonu üzrə təyin edilmiş 2 nəfər ixtisaslaşmış peşəkar təlimçi tərəfindən ayrı-ayrı günlərdə təhsil müəssisələrində reallaşdırılacağını bildirdi.
Sonra layihənin təlimçisi YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini, HB.Co LTD Klinikasının informatoru Nahidə Mahmudovanın təqdimatında “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsinin çərçivəsində tədbir iştirakçıları olan 200 məktəbliyə interaktiv formada müxtəlif slaydların göstərilməsi ilə düzgün gigiyena qaydaları, təmizliyə riayət etmə və müxtəlif xəstəliklərdən qorunma kimi vacib mövzular barədə geniş məlumat verdi.
“Gigiyenik qaydalara düzgün əməl edək” adlı layihənin Binəqədi rayonuda 32 məktəbi əhatə etməsi, layihədə məktəblərin VIII, IX və X -cu sinif şagirdlərinin iştirakı, hər seminardan sonra şagirdlərə “Nicos” şirkətinin müvafiq gigiyenik dəstinin hədiyyə edilməsi və layihə çərçivəsində müxtəlif müsabiqələrin keçirilməsi nəzərdə tutulur.