Binəqədi rayonunda 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə tədbir keçirildi.
Noyabrın 7-də Binəqədi rayonunda 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Qənirə Paşayeva, Madər Musayev, Rafael Cəbrayılov, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, əsgərlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
RİH başçısı, qonaqlar və tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında gerçəkləşən bayram tədbirində dövlət himni səsləndirildi. Tədbirin rəsmi hissəsində çıxış edən millət vəkili Qənirə Paşayeva qürur mənbəyimiz olan bayrağımıza bəslənən sevgidən danışaraq öz səmimi hisslərini ifadə etdi. Millət vəkili bayrağa olan sevgini vətən sevgisiniin əsas şərti kimi, bayrağı, vətəni qorumaq və onun maraqlarını hər şeydən üstün tutmaq olduğunu diqqətə çatdırdı.
Bayram tədbiri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun çıxışı ilə davam etdi. X.İsgəndərov bayrağa, vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanmasının hər kəsin vəzifəsi olmasına toxunanaraq, bu vəzifənin layiqincə yerinə yetirilməsində ən böyük örnəyi Prezident İlham Əliyevin göstərdiyini vurğuladı. RİH başçısı ölkə rəhbərinin Azərbaycanın tərəqqisi və çiçəklənməsi uğrunda yorulmaz fəaliyyətinin əsasında məhz vətən sevgisi dayandığını qeyd etdi.
Bədii hissə ilə yekunlaşan bayram tədbirində respublikanın xalq artisti Azər Zeynalovun ifasında səslənən bir-birindən gözəl və vətənpərvərliyi tərənnüm edən mahnılar tədbir iştirakçılarının böyük marağına səbəb oldu.