Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirildi
Noyabrın 15-də Binəqədi rayonunda İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, İDEA İctimai Birliyinin nümayəndəsi, “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan, həmin qurumların bir qrup nümayəndəsi, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, məktəblilər, fiziki məhdudiyyətli uşaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Rayonun Xocəsən qəsəbəsində yerləşən M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının binası ətrafında gerçəkləşən tədbir açıq elan edildikdən sonra “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə tədbir iştirakçılarına məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun vitse prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Leyla xanımın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə respublikada 3 milyondan çox ağac əkilib, ağacların kəsilməsinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, sahibsiz heyvanlar üçün sığınacaqlar təşkil olunub, ekoloji tədbirlər və müsabiqələr keçirilib, sənaye və məişət tullantılarının azaldılması barədə layihələr gerçəkləşdirilib. Daha sonra dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirildi. Son illərdə rayon ərazisində yeni salınan 27 abad məhəllədə, yeni inşa edilən 24 mini parkda, əsaslı təmir edilən 11 parkda və digər yaşıllıq sahələrində ümumilikdə 255.168 kv.m çəmən örtüyü yaradıldığı, 50.221 ədəd gül-çiçək və dekorativ bitkilər, eləcə də 12.800 ədəd ağac əkildiyi də tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Tədbirdə çıxış edən İDEA İctimai Birliyinin nümayəndəsi, “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan və Binəqədi RİH başçısının müavini Aygün Əliyeva tədbirin əhəmiyyətindən danışdılar, Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihənin yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə olduğunu vurğuladılar.
Ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov fiziki məhdudiyyətli uşaqlarla birgə ağaclar əkdi. Aksiya çərçivəsində mindən artıq zeytun və “Leylandra” adlı şam ağacı əkildi. Fiziki məhdudiyyətli uşaqlara xüsusi diqqətin göstərilməsi, onların bu ictimai faydalı işdə yaxından iştirakının təmin olunması onlar tərəfindən sevinclə qarşılandı. Binəqədi rayon gəncləri belə aksiyaların təşkilinə görə Heydər Əliyev Fondunun vitse prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər və ona rayon gəncləri adından simvolik olaraq rəsm tablosu hədiyyə etdilər. Aksiya yekunlaşdıqdan sonra iştirakçılar və qonaqlar çay süfrəsinə dəvət olundular.