Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi təntənəli şəkildə qeyd edildi
19 noyabr 2014-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Binəqədi Rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi təntənəli şəkildə qeyd edildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, millət vəkilləri Rafael Cəbrayılov, Madər Musayev, Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun rektoru, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və digər qonaqlar iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Binəqədi rayonu Heydər Əliyev adına parkda ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açaraq partiyanın 22 il ərzində ümumxalq partiyasına çevrildiyini, bu müddət ərzində Azərbaycanın inkişafı naminə çalışdığını bildirdi. O tarixə qısa nəzər salaraq partiyanın yaranması tarixindən danışaraq 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti ulu öndər Heydər Əliyevin çıxartdığını, xalqın ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını bildirdi. Natiq hazırda partiyanın sıralarında altı yüz mindən çox üzvün birləşdiyini, partiyanın Binəqədi rayon Təşkilatının on dörd mindən çox üzvünün olduğunu və Binəqədi rayon Təşkilatının inzibati binasının Prezident İlham Əliyev tərəfindən ötən il hədiyyə edildiyini bildirdi.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov partiyanın çətin dönəmlərdə yarandığını, həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının “Səs” qəzetində ümummilli liderə müraciət etdiyini və 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının Naxçıvanda təsis konfransının keçirildiyini bildirdi. Eldar İbrahimov 1993-cü ildə Heydər Əliyevin Azərbaycanı xilas etməsinin Azərbaycan tarixində mühüm tarixi hadisə olduğunu bildirdi. O əsası Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində bu gün respublikanın sürətlə inkişaf etdiyini, Bakının bir hissəsi olan Binəqədi rayonunda böyük abalıq-quruculuq işlərinin aparıldığını və rayonun davamlı şəkildə inkişaf etdiyini vurğuladı.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Yeni Azərbaycan Partiyasının ümummilli partiya olduğunu, Azərbaycanın həyatında mühüm rol oynadığını qeyd etdi. Aygün Əliyeva Yeni Azərbaycan Partiyasının Azərbaycanda siyasi əqidənin əsasını qoyduğunu, təsis olunduqdan sonra bütün siyasi qüvvələri birləşdirdiyini, ölkədə siyasi sabitlik yaratdığını, Azərbaycanı çətin dövrlərdə parçalanmaqdan xilas etdiyini və ölkəmizin inkişafına misilsiz töhfə verdiyini qeyd etdi. Aygün Əliyeva ulu öndər Heydər Əliyevin partiyanı yaradan zaman Azərbaycançılıq, dövlətçilik və yaradıcı təkamül kimi prinsipləri əsas götürdüyünü, bu prinsiplərin daim yaşadığını, hazırda partiyaya gənclərin böyük axın etdiyini və bu halın partiyanın inkişafından xəbər verdiyini bildirdi.
Sonra çıxış edən Binəqədi rayonu 126 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Xeyransa Alıyeva Yeni Azərbaycan Partiyasının gənclərin həyatında, onların inkişafındakı rolundan danışdı. O gənclərə göstərilən diqqət və qayğını qeyd edərək ölkəmizdə həyata keçirilən Dövlət Gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini vurğuladı.
Tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi və Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan danışdı. Ümummilli liderin xalqının yolunda bütün çətinliklərdən keçdiyini, 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratdığını, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə əsl vətən, dövlət sevgisi göstərdiyini qeyd etdi. O ulu öndərin hər zaman öz xalqının yanında olduğunu, bu gün onun ideyalarının yaşadığını vurğuladı. Rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf strategiyasının hazırda cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini qeyd etdi. Natiq cənab Prezident İlham Əliyevin Azərbaycanın inkişafı üçün çalışdığını və bunun hamıya nümunə olduğunu bildirdi.
Sonra Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəallarına fəxri fərmanlar ,Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş bir qrup gəncə partiya biletləri təqdim edildi.Daha sonra tədbir bədii hissə ilə davam etdirildi.