Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda humanitar sahədə görüləcək işlər müzakirə edildi

21 noyabr 2014 | 11:00

    21 noyabr 2014-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində humanitar sahədə ətraflı və dolğun təhlillərin aparılması və strateji istiqamətlərin müəyyən edilməsi müzakirə edildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
   Tədbirdə humanitar sahədə dövlət siyasətinin daha dinamik həyata keçirilməsi və bu siyasətin reallaşdırılmasında yerli və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının koordinasiyalı fəaliyyəti Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısında duran prioritet məsələlərdən biri kimi səciyyələndirildi.
   Yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti və digər sahələrdə qarşıda duran vəzifələrin icrası məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən imzalanan sərəncama əsasən tədbirlər planı hazırlanıb və müvafiq istiqamətlər üzrə strateji hədəflər müəyyənləşdirililib.
    Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbiri açıq elan edərək giriş nitqi söylədi. RİH başçısı çıxışında görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı.
   Tədbir RİH başçısının müavini Aygün Əliyevanın Tədbirlər Planı barədə ətraflı məlumat verməsi ilə davam etdi. A.Əliyeva rayonda təhsil, səhiyyə, mədəniyyət, ekologiya, turizm, gənclər və idman sahəsindəki mövcud vəziyyət barədə geniş məruzə ilə çıxış etdi, uğurlarla yanaşı, həmin sahələrdə mövcud olan bir sıra çatışmazlıqları da diqqətə çatdırdı və onların aradan qaldırılması ilə bağlı görüləcək işlərdən danışdı.
    Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Asəf Zamanov çıxışında humanitar sahədə görülən işlərdə uğur qazanılması üçün cəmiyyətin bütün fəalları, xüsusilə də ziyalıların təşəbbüskarlığının vacibliyini qeyd etdi.
   Tədbirlər Planı ətrafında çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov ictimai asayişin qorunması, cinayətkarlıq və digər hüquqazidd əməllərin qarşısının alınmasında vətəndaş cəmiyyətinin rolunun əhəmiyyətini vurğuladı.
Müzakirələr Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yekun çıxışı ilə başa çatdı. RİH başçısı qeyd olunan sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin daha da intensivləşdirilməsi üçün aidiyyəti üzrə məsul şəxslərə tapşırıqlar verdi.

Keçidlər