Binəqədi rayonunda Ümumdünya Əlillər Günü qeyd olundu
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən “3 Dekabr - Beynəlxalq Əlillər günü” Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur. Bununla əlaqədar 03 dekabr 2014-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan müxtəlif kateqoriyalı əlil ailələrinə baş çəkildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının məsul əməkdaşları iştirak etdilər. Görüş zamanı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əlil ailələrinin evində oldu və ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu bildirdi. A.Əliyeva əlil ailələrinin problemlərini dinlədi və onlara Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyə və yardım sovqatını təqdim etdi.
Ümumillikdə, bu gün ərzində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan 200-dən çox əlilə hədiyyə və yardım sovqatı verildi.