Binəqədi rayonunda “Milli-mənəvi dəyərlər: tarixilik, varislik və müasirlik” mövzusunda gənclərlə görüş keçirildi
Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər: tarixilik, varislik və müasirlik” mövzusunda gənclərlə görüş keçirildi.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Baş nazirin müavini Əli Əhmədov, DQİDK sədri Mübariz Qurbanlı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, DQİDK-nın sədr müavini Gündüz İsmayılov və fəal gənclər iştirak etdilər.
Tədbirdən əvvəl qonaqlar Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsinin önünə gül dəstələri düzdülər.
Tədbiri DQİDK sədri Mübariz Qurbanlı açdı.
Baş nazirin müavini Əli Əhmədov mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. Natiq insan həyatında mənəviyyatın rolu, cəmiyyətin mənəvi sferasının tənzimlənməsində milli-mənəvi dəyərlərimizin, eləcə də dinin rolundan danışdı. Ə.Əhmədov müasir dövrümüzdə ölkəmizin başqa ideyalar ətrafında deyil, məhz azərbaycançılıq məfkurəsi ilə identikləşdiyini də gənclərin diqqətinə çatdırdı.
Daha sonra Ə.Əhmədov, M. Qurbanlı və G.İsmayılov mövzu ətrafında gəncləri maraqlandıran sualları cavablandırdılar