Binəqədi rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anıldı
Dekabrın 11-də Binəqədi rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Bakı şəhər Baş təhsil idarəsinin rəis müavini Hüseyn Əsgərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, gənclər, hərbi qulluqçular və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər. Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında davam edən tədbir Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Tədbirdə Ulu Öndərin mənalı və şərəfli həyat yolundan danışılaraq, onun həyatının hər məqamının xüsusilə gənclər üçün örnək olduğu vurğulandı.
Anım mərasimində çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov Ulu Öndərin Azərbaycan üçün göstərdiyi xidmətlərdən danışaraq, xüsusilə təhsilin inkişafına, gənc nəslin sağlam ruhda tərbiyə olunmasında atdığı addımlardan bəhs etdi.
Tədbir millət vəkili Rafael Cəbrayılovun çıxışı ilə davam etdi. Natiq dövlət quruculuğu sahəsində Ümummilli Liderin reallaşdırdığı və uğurlu nəticələrindən bu gün də bəhrələndiyimiz işləri diqqətə çatdırdı.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında Ulu Öndərin Azərbaycan qarşısında şərəfli missiyasını layiqincə yerinə yetirən lider kimi səciyyələndirərək, bu dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrildiyini bildirdi. RİH başçısı zamanın çətin sınaqları ilə üzləşən Azərbaycan xalqını parçalanmaqdan, xaosdan xilas edib inkişaf mərhələsinə çatdıran Ümummilli Lider Heydər Əliyevi Azərbaycan coğrafiyasına, yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi xarakterizə etdi. Çıxışda vurğulandı ki, Azərbaycanın bugünkü inkişafı, regionun lider dövlətinə çevrilməsi və dünyada öz mövqeyi ilə seçilməsi Ulu Öndərin Azərbaycan qarşısında daha böyük bir xidmətindən danışmağa əsas verir. Bu xidmət Ulu Öndərin uzaqgörənliyi, xarizmatikliyi və digər liderlik keyfiyyətləri ilə seçilən və ən əsası özü qədər inandığı cənab İlham Əliyevi Azərbaycana bəxş etməsidir.
Bədii hissə ilə davam edən tədbirdə respublikanın xalq artisti İlham Əsgərovun ifasında Ümummilli Liderə həsr olunmuş və onun sevdiyi şeirlərdən ibarət bədii kompozisiya təqdim edildi.
Anım tədbiri “Liderlik missiyası” videoçarxının nümayişi ilə yekunlaşdı.