Xalq yazıçısı Çingiz Abdullayev Binəqədi gəncləri ilə görüşdü
15 dekabr 2014-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə YAP Binəqədi rayon Təşkilatının inzibati binasında Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayevlə gənclərin görüşü keçirildi.
Tədbirdə YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Təlim tərbiyə işləri üzrə prorektoru, dosent Sirac Məmmədov, müəllim və tələbələri, eləcə də YAP Binəqədi rayon Təşkilatının gənc fəalları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçıları adından yazıçı Çingiz Abdullayevi salamlayaraq gənclərlə belə maarifləndirici görüşün keçirilməsinin əhəmiyyətindən, bu cür görüşlərin gənclərin mənəvi inkişafına verdiyi töhfədən danışdı. O, Çingiz Abdullayevin əsərlərinin təkcə Azərbaycanda deyil, eləcə də MDB və bütün dünya miqyasında maraqla oxunduğunu, yazıçının əsərlərinin gənclər arasında olduqca məşhur olduğunu qeyd edərək yazıçı haqqında ətraflı məlumat verdi.
Sonra çıxış edən yazıçı Çingiz Abdullayev gənclərə öz həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Çingiz Abdullayev ötən il ən çox satılan 10 kitabın 9-nun müəllifinin məhz onun olması faktını sevindirici hal kimi gənclərin diqqətinə çatdırdı.
Çıxışında bir çox mühüm mövzulara - cəmiyyətdə maarifçilik, təhsil və mədəniyyət kimi məsələlərə toxunan yazıçı bir sıra dövlətlərdə gənclərin kitab oxumağa olan marağının yüksək olduğunu, ölkəmizdə də gənclərin daha çox kitab oxumasının vacibliyini vurğuladı və Azərbaycanda kitab mağazalarının sayının artırılmasının əhəmiyyətindən danışdı.
Tədbir gənclərin müxtəlif mövzularda Çingiz Abdullayevə sualların ünvanlaması ilə davam etdi. Sonda yazıçı müəllifi olduğu əsərləri imzalayaraq gənclərə hədiyyə etdi.