“Gigiyenik qaydalara düzgün əməl edək” layihəsi yekunlaşdı
17 dekabr 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikası İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı və NİCOS şirkətinin maliyyə dəstəyi ilə rayonun bütün orta ümumtəhsil məktəblərini əhatə edən “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsinin yekunu və layihə çərçivəsində elan olunan müsabiqələrin qaliblərinin mükafatlandırılması tədbiri keçirildi.
“Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində keçirilən “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində “Ən təmiz səhiyyə müəssisəsi” müsabiqəsində iştirak edən səhiyyə müəssisələri arasında 3 tibb müəssisəsi – Ə.Məlikov adına 6 saylı Birləşmiş şəhər xəstəxanası, 20 saylı uşaq poliklinikası və “HB Güvən” klinikası mükafatlandırıldı.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzinin layihələrin əlaqələndirmə şöbəsinin müdiri Səbinə Babazadə, “NURGÜN Group” Şirkətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Reala İsazadə və digər qonaqlar iştirak etdilər.
Tədbirdən əvvəl qonaqlar layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə məktəblilər arasında elan olunan müsabiqənin iştirakçılarının işlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov Binəqədi rayonu üzrə bütün məktəbləri əhatə edən layihənin əsas məqsədinin sağlam gələcək, sağlam gənclik olduğunu qeyd etdi. Natiq ölkədə təhsil və səhiyyə ilə bağlı böyük işlərin görüldüyünü, cənab Prezident İlham Əliyevin bu sahələrin inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdiyini vurğuladı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsinin Bakı 2015 İlk Avropa Oyunlarına töhfə olan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirildiyini qeyd edərək layihənin gənclərdə təmizliyi həyat tərzinə çevirməyi hədəflədiyini bildirdi. Aygün Əliyeva “Təmiz Binəqədi” layihəsi çərçivəsində gənclərin sağlamlığlının qorunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı çoxsaylı tədbirlərin, aksiyaların, müxtəlif idman yarışları və vətənpərvərlik tədbirlərinin keçirildiyini qeyd etdi. O layihədə müxtəlif nominasiyalar üzrə qalib olan məktəbliləri Rayon İcra Hakimiyyətinin başçısı adından təbrik etdi.
Tədbirdə iştirak edən digər qonaqlar da layihə barədə öz fikirlərini bildirdilər.
Sonda müsabiqənin qaliblərinə müvafiq diplom və hədiyyələr təqdim olundu.