Binəqədi rayonunda “Azərbaycan Gənclərinin Maarifçilik Forumu” keçirildi
19 dekabr 2014-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Gənclər üçün Təhsil Mərkəzi və “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Gənclərinin Maarifçilik Forumu” keçirildi.
Forumun rəsmi hissəsində Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rövşən Nəcəfov, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə, gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər iştirak etdilər.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov forumun rəsmi hissəsini açıq elan etdikdən sonra Binəqədi rayonunda gənclərin təşəbbüslərinin dəstəklənməsini əks etdirən qısametrajlı film nümayiş etdirildi.
Sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında ətraflı məlumat verdi. Natiq bildirdi ki, bu gün dünyanın bir çox ölkələri Azərbaycanda uğurla icra olunan gənclər siyasətindən nümunə götürə bilərlər. Ölkəmizdə gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də sağlamlığının müdafiəsi və möhkəmləndirilməsi istiqamətində məqsədyönlü layihələr reallaşdırılır. İntiqam Babayev Binəqədi rayonunda gənclərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirdi.
Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışdı. Natiq bu gün gənclər sahəsində reallaşdırılan çoxsaylı və müxtəlif yönümlü tədbirlərin dövlət tərəfindən gənclərin potensiallarının artırılması istiqamətində atılan addımların məntiqi nəticəsi kimi qiymətləndirdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək gənclərlə görüşməkdən məmnun olduğunu bildirdi. Natiq qeyd etdi ki, bu gün gənclərimiz onlar üçün yaradılmış əlverişli şəraitdən səmərəli istifadə etməli, vətənimizə və dövlətimizə sadiq olmalıdırlar. Rayon İcra Hakimiyyətinin başçısı hər zaman gənclərin təkliflərini dinləməyə hazır olduğunu bildirdi. Eyni zamanda qeyd etdi ki, gənclər rayonda görülən işlərdə yaxından iştirak etməli və nümunəvi davranışları ilə dövlət başçısının etimadını doğrultmağa çalışmalıdırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək dövlət tərəfindən gənclərin şəxsi təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, Gənclər Fondunun yaradılmasından keçən 3 il müddətində ictimai təşkilatlarla yanaşı, gənclərin fərdi layihələrinə də dəstək göstərilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə çıxışında Azərbaycanda gerçəkləşdirilən gənclər siyasətinin dünyada artıq bir nümunə kimi qəbul olunduğunu vurğuladı.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi, “Müasir İqtisad Məktəbi” layihəsinin rəhbəri Mahmud Məmmədzadə layihəsi haqqında iştirakçılara məlumat verdi və rayonda gənclər üçün yaradılmış şəraitə görə rayon rəhbərliyinə təşəkkürünü bildirdi.
“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rövşən Nəcəfov, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə çıxış edərək Forumun keçirilməsində göstərilən dəstəyə görə təşkilatçılara təşəkkürlərini bildirdilər.
Daha sonra “Kaspi” qəzeti, “Modern.az” xəbər portalı, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, “Asan Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Uşaqlar Birliyi, ADA University Student Government, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının TGT, Bakı Ali Neft Məktəbi TGT, Xəzər Universiteti Tələbə Məclisi, ”Edu-Active.com” Təhsil Portalı, Addım Yaradıcı Gənclər Assosiasiyası, Azərbaycan Dillər Universiteti TGT fəxri fərmanla təltif edildilər.
Forum çay fasiləsindən sonra ikinci paneldə iştirakçıların “Dağlıq Qarabağ həqiqətləri gənclər müstəvisində” mövzusu ətrafında müzakirələri ilə davam etdirildi. Müzakirələrdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar mərkəzinin nümayəndəsi Cavid Vəliyev iştirak etdilər. Qarşılıqlı diskussiya şəklində keçən müzakirələrdə Forum iştirakçıları çıxışçılara onları maraqlandıran suallar ünvanladılar.