Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anıldı

19 yanvar 2015 | 11:00

Yanvarın 19-da Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin 25-ci  ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyəti  başçısı Aparatının rəhbərliyi, şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakini olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Biləcəri qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış “Güllə Yağışı” abidəsinin önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Aparıcı 20 Yanvar faciəsi barədə məlumat verərək, Azərbaycan xalqının istiqlal mübarizəsi tarixində 20 Yanvar şəhidlərinin öz qanları ilə yazdıqları şərəfli səhifədən danışdı.

Tədbirdə  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  İlqar Süleymanov  çıxış edərək hadisəni Azərbaycan xalqının tarixinə yazılmış şanlı səhifə kimi səciyyələndirdi, SSRİ rəhbərliyinin dinc, əliyalın insanlara qarşı qırğın törətməsini zorakılıq üzərində qurulmuş bir imperiyanın Azərbaycan xalqının əzmkarlığı və iradəsi qarşısında mənəvi cəhətdən gücsüz olduğunu vurğuladı.

Sonra “20 Yanvar” cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev, 20 Yanvar şəhidi Fərizə Allahverdiyevanın anası Bağda Nəbiyeva, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin bacısı Könül Bünyadzadə çıxış etdilər.

Daha sonra tədbir bədii qiraət ustalarının ifasında istiqlal mübarizəsi tariximizə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 20 Yanvar hadisəsini tərənnüm edən şeirlərin oxunması ilə davam etdirildi.

Anım mərasimi tədbir iştirakçıları və rayon ictimaiyyətinin “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyması və şəhidlərin ruhuna öz ehtiramlarını bildirmələri ilə yekunlaşdı.

Keçidlər