“ASAN könüllüləri” Binəqədi Rayon İcra Hakimiyyətində təcrübəyə başladılar
Yanvarın 19-da Binəqədi Rayon İcra Hakimiyyətində “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin üzvləri ilə görüş keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov görüş zamanı gənclərə başladıqları işdə uğurlar arzuladı. RİH başçısı Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolundan danışaraq gənclərin bu işə könüllü qoşulmasını yüksək qiymətləndirdi. X.İsgəndərov vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda, beynəlxalq miqyasda örnək kimi qəbul olunduğunu vurğuladı. Çıxışda dekabrın 16-da ASAN Könüllülərinin I Ümumrespublika Forumunun keçirilməsi və Prezident İlham Əliyevin tədbirdəki çıxışının öz ictimai məsuliyyətini dərk edən gənclərdən ibarət könüllülərin fəaliyyətinə güclü stimul yaratdığı xüsusi qeyd edildi.
Görüşdə çıxış edən “ASAN xidmət” mərkəzinin İnsan resursları və təlim şöbəsinin müdir-müavini Cahangir Hacıyev “ASAN Könüllüləri”nin Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında keçəcəyi iş təcrübəsinin yerli icra hakimiyyətləri ilə ilk əməkdaşlıq olduğunu bildirdi.
Görüşdən sonra könüllü gənclər Binəqədi RİH başçısı Aparatının və YAP Binəqədi rayon təşkilatının inzibati binaları ilə tanış oldular.
Yanvarın 21-dən etibarən 13 nəfər gəncdən ibarət “ASAN könüllüləri” Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayaraq peşə ixtisaslarına uyğun olaraq aidiyyəti şöbələrə istiqamətləndirildilər.