Binəqədi Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar müşavirə keçirildi
Fevralın 16-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar müşavirə keçirildi. Müşavirədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və bir sıra icra strukturlarının rəhbərləri iştirak etdilər.
Tədbirdə rayonda müxtəlif yerli qurumlara, icra strukturlarına edilən vətəndaş müraciətlərinə baxılmasının mövcud vəziyyəti barədə danışıldı, “Azərbaycan” qəzetində dərc edilmiş “Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq” məqaləsi ətrafında müzakirələr aparıldı.
Müşavirəni Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açdı.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov məqalədə xüsusi diqqət yetirilməli məqamlar barəsində məruzə ilə, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov vətəndaş müraciətlərinə baxılması haqqında məlumatla çıxış etdilər.
Müşavirədə yekun nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vətəndaşların müraciətinə baxılması işində prioritet məsələnin onlara diqqətli yanaşma, nəzakətlilik, qayğıkeşlik olduğunu vurğuladı. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələn məsələ kimi vətəndaş məmnunluğunun təmin edilməsi hər bir məmurun başlıca vəzifəsidir.