Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Binəqədi rayonunun Rəsulzadə bələdiyyəsi tərəfindən anım tədbiri keçirildi

25 fevral 2015 | 11:00

Fevralın 25-də Binəqədi rayonunun Rəsulzadə bələdiyyəsi tərəfindən Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə anım tədbiri keçirildi. Son bələdiyyə seçkilərindən sonra bələdiyyələrin fəaliyyətinin genişləndiyi bir şəraitdə keçirilən tədbirdə Xocalı şəhidlərinin xatirəsi anıldı, baş verən qətliamın bəşər tarixinə düşmüş dəhşətli qırğınlardan biri olduğu bildirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayon bələdiyyələrinin sədrləri, YAP Binəqədi Rayon Təşkilatının nümayəndələri, rayonun ictimaiyyəti və Xocalı faciəsinin şahidləri iştirak etdilər.
Tədbir iştirakçıları Rəsulzadə qəsəbəsi ərazisində yerləşən 30, 100, 143 saylı tam orta məktəblərin şagirdləri tərəfindən  hazırlanan Xocalı soyqırımını əks etdirən rəsm əsərlərinin nümayişi ilə tanış olduqdan sonra soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Anım tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev, Rəsulzadə Bələdiyyəsinin sədri, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri Hümbət Hüseynov, bələdiyyə üzvü Elnarə Rüstəmova və Xocalı dəhşətlərinin şahidi, məcburi köçkün Nəzakət Həsənova çıxış etdilər. Çıxışlarda bu qanlı olayın dünya birliyi tərəfindən tanıdılması istiqamətində yürüdülən sistemli və ardıcıl dövlət siyasətindən bəhs edildi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının Xocalı həqiqətlərinin tanıdılması işində olduqca əhəmiyyətli addım olduğu bildirildi.
Tədbirin sonunda Rəsulzadə qəsəbəsində yerləşən 100 saylı tam orta məktəbin şagirdlərinin ifasında hazırlanan Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş etdirildi. Atəş səsləri ilə yarım qalan Qarabağ şikəstəsi ilə başlayan kompazisiyada şagirdlər Xocalı faciəsini ifadə edən səhnəciklə çıxış etdilər.

Keçidlər