Binəqədi rayon Ağsaqqallar Şurasının konfransı keçirildi
Fevralın 28-də Binəqədi rayon Ağsaqqallar Şurasının konfransı keçirildi. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Respublika Ağsaqqallar Şurasının Aparat rəhbəri Yaqub Mehdiyev, RİH başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayonun bir qrup ziyalıları, ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbirdən əvvəl qonaqlar və konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildirdilər.
Konfransı giriş nitqi ilə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açaraq Azərbaycan cəmiyyətində ağsaqqallıq missiyasının əhəmiyyətindən danışdıqdan sonra gündəlikdə duran məsələləri elan etdi. Sonra Ağsaqqallar Şurasının üzvləri və Şura üzvlərindən ibarət İdarə Heyəti səsvermə ilə müəyyən edildi. Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə İdarə Heyətinin üzvü, təqaüddə olan ədliyyə general-mayoru Akif Rəfiyev seçildi.
Tədbir Rayon Ağsaqqallar Şurasının sədri seçilmiş Akif Rəfiyevin çıxışı ilə davam etdi. A.Rəfiyev çıxışında ona göstərilən etimada görə konfrans iştirakçılarına minnətdarlığını ifadə etdi, bu şərəfli və məsuliyyətli işin öhdəsindən gəlmək üçün rayonun ziyalıları, ağsaqqallları ilə birgə bütün imkanlarını səfərbər edəcəyini bildirdi. Rayon Ağsaqqallar Şurasının sədr müavini vəzifəsinə rayon ziyalısı Cahangir Qocayev seçildi.
Tədbirdə həmçinin, Rayon Ağsaqqallar Şurasının Təftiş Komissiyası üzvləri seçildi.
Daha sonra Rayon Ağsaqqallar Şurasının 9 ərazi təşkilatı üçün üzvlər və təşkilat sədrləri 4 mikrorayon və beş qəsəbə üzrə müəyyənləşdirildi.
Konfrans Şuranın üzvləri Hikmət Butayev, Həmid Mehdiyev və İlham Rəhimlinin çıxışları ilə davam etdi. Natiqlər ağsaqqallara dövlət səviyyəsində göstərilən ehtiramdan danışdı, Ulu Öndər Heydər Əliyev siyasətinin davamı olaraq Prezident İlham Əliyevin ağsaqqallara dərin hörmət və ehtiramla yanaşdığını və onları mənəvi sərvət kimi dəyərləndirdiyini vurğuladılar.
Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında ağsaqqala olan hörmət-ehtiramı Azərbaycan cəmiyyətinin xarakterik cəhəti olduğuna toxunaraq bunun milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənə olduğunu qeyd etdi. X.İsgəndərov Heydər Əliyevi siyasi lider olmaqla yanaşı, dövlətinə, xalqına bağlı, vətənini böyük məhəbbətlə sevən, xaos nəticəsində fəlakətə yuvarlanan bir cəmiyyəti xilas edən böyük ağsaqqal kimi səciyyələndirdi. Natiq vurğuladı ki, bu gün də gənclərin dövlətə, xalqa sadiq, vətənə bağlı, zərərli yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyyə olunması işində daim ağsaqqallara böyük ehtiyac vardır.
Binəqədi rayon Ağsaqqallar Şurasının növbədənkənar seçki konfransı R.Göyüşovun yekun nitqi ilə başa çatdı.