Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi gəncləri Bakı Sərgi Mərkəzində

29 noyabr 2012 | 11:00

Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2011-ci il tarixli 1621 saylı Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.5.8 maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 29 mart 2012-ci il tarixli 2112 saylı Sərəncamı ilə təsdiq olunmuş “2012-ci ilin idman ili elan edilməsi ilə bağlı Tədbirlər planını33-cü maddəsinin icrası məqsədilə 28 noyabr 2012-ci il tarixdə Bakı Sərgi Mərkəzində I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgiləri açılmışdır. Sərgidə Binəqədi rayonunda yaşayan və təhsil alan bir qrup rayon gənci də iştirak edirdi.
Sərginin əsas məqsədlərindən biri bu sahədə irihəcmli infrastruktur layihələrinə investisiyaların cəlb edilməsinə nail olmaq, gənclərimizi respublikamızda mövcud olan gənclər təşkilatlarının fəaliyyəti ilə tanış etmək, onalarla təcrübə mübadiləsi aparmaq olmuşdur. 2012-ci ilin Azərbaycanda “İdman ili” elan olunması, Londonda keçirilən Yay Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının yüksək nailiyyətləri də bu sərginin əhəmiyyətini artıran mühüm amillər sırasında idi. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən idman, idman ləvazimatı və geyimi sərgisi öz meydançasında 50 iştirakçını, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatları bir araya gətirdi.
Sərgidə idman obyektlərinin təchizatı sahəsində mütərəqqi həll variantları, idman qurğuları və ləvazimatları, habelə trenajorlar təqdim olunurdu. Sərgi ekspozisiyasının böyük hissəsini Azərbaycanda idmanın inkişaf etmiş populyar növləri ilə məşğul olan müxtəlif federasiyalar tuturdu. Belə ki, bu iştirakçıların siyahısına boks, futbol, taekvondo, cüdo, qolf, alpinizm, stend atıcılığı, stolüstü tennis, yelkənli qayıq idmanı, üzgüçülük və idmanın digər növləri ilə məşğul olan federasiyalar daxil idi. Azərbaycanın Olimpiya və Paralimpiya komitələri də sərginin fəal iştirakçıları sırasında idi. Azərbaycanda idman sənayesinin inkişafını əks etdirən sərgi idman komandaları, klublar və federasiyaların fəaliyyəti ilə bağlı geniş məlumat bazasını nümayiş etdirirdi.
İdman, idman ləvazimatı və geyimi sərgisi ilə eyni meydançada gənclər təşkilatlarının IV Respublika sərgisi də keçirilirdi. Azərbaycanın 76 gənclər təşkilatının iştirak etdiyi sərginin əsas məqsədi ictimaiyyətə gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdiyi layihə və tədbirlər, həmçinin gənclərin ictimai fəaliyyətə cəlb edilməsi haqqında məlumat vermək idi.
50-ə yaxın yaradıcı və istedadlı gənc gənclər təşkilatlarının fəaliyyətinin əks etdirən sərgilərə tamaşa etdi. Sərgi həm gənclərin asudə vaxtının səmərəli təşkilinə, həm də onların bir-birini tanımasına və fikir mübadiləsi aparmasına şərait yaratdı. Tədbirdə iştirak edən gənclər təşkilatları ilə səmimi ünsiyyət quran Binəqədi rayon gəncləri bundan sonra rayon ərazisində keçirilən tədbirlərdə onlarla yaxından əməkdaşlıq edəcəklərini bildirdilər.
Tədbir iştirakçıları sərgidən xoş təəssüratlarla ayrıldılar.
 

Keçidlər