Binəqədi rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olundu
Martın 7-də 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə Binəqədi rayonunda bayram tədbiri təşkil olundu. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yanaşı, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili Məlahət Həsənova, Binəqədi RİH başçısı Aparatının məsul əməkdaşları, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak etdilər.
Bayram tədbiri Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikin oxunması ilə başladı.
Çıxışlarla davam edən bayram tədbirində bu əlamətdar gün münasibəti ilə rayon qadınlarını təbrik edən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili Məlahət Həsənova cəmiyyətdə və ailədə xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışdılar.
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov və YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ümummilli lider Heydər Əliyev tərəfindən qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində böyük işlər görüldüyünü vurğulandı. Bildirildi ki, çoxəsrlik ənənələrimizə sadiq qalan Ulu Öndər siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm verir. Onun rəhbərliyi ilə gender siyasəti, ailə və uşaqlara dövlət qayğısı istiqamətində geniş tədbirlər həyata keçirilir. Ölkəmizdə mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğu bildirildi.
Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qurup qadın Binəqədi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olundu.
Tədbir bədii hissə ilə davam etdi.