Binəqədi rayonunda 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş mini futbol turniri keçirildi
04-06 mart 2015-ci il tarixlərində "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol məktəbinin təşkilatçılığı ilə Binəqədi rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin 8-ci sinif şagirdləri (qızlar) arasında 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş mini futbol turniri keçirildi. Turnirdə rayonun 83 saylı məktəb-liseyinin, 100, 126, 143, 244, 248, 283№li tam orta məktəblərinin komandaları iştirak etdilər. 83 saylı məktəb-lisey turnirdə 2 komanda ilə təmsil olundu.
Ümumilikdə 56 şagirdin qatıldığı turnirdə komandalar 3 əsas və 2 ehtiyat oyunçudan ibarət olmaqla 2 qrupda mübarizə apardılar. Turnirin nəticəsinə əsasən 83 saylı məktəb-liseyin komandası birinci yer, 126 saylı tam orta məktəbin komandası ikinci yer, 244 saylı tam orta məktəbin komandası üçüncü yeri tutdular.
Mükafatlandırma mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və "Vətən" RİOEUG futbol məktəbinin direktoru Mustafa Həsənov iştirak etdilər.
Qaliblər kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.
Həmçinin, turnirin təşkilatçıları tərəfindən oyunda xüsusi fərqlənmiş 5 nəfərə hədiyyələr təqdim olundu.