Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın bələdiyyə sədrləri Ankara Büyükşehir və Keçiören bələdiyyələrinin fəaliyyəti ilə tanış oldu

11 mart 2015 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və TODAİE (Türkiye ve Orta Doğu Amme İdaresi Enstitüsü) arasında bağlanan  qarşılıqlı əməkdaşlığa dair müqaviləyə əsasən, onların təşkilatçılığı, TİKA-nin (Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) dəstəyi ilə Azərbaycanın bir neçə bələdiyyə sədrləri Ankarada səfərdə oldu. 07-11 mart 2015-ci il tarixlərini əhatə edən səfərin məqsədi iki ölkənin bələdiyyələri arasında təcrübə mübadiləsi, bu sahədəki yeniliklər barədə məlumatlanma olub. 
Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və TODAİE-nın təşkilatçılığı ilə keçirilən “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursu çərçivəsində həyata keçirildi.
Səfər zamanı TODAİE-nin rektoru, professor Onur Ender Aslan rəhbərlik etdiyi İnstitut barədə məlumat verib, digər dövlətlərlə qarşılıqlı əlaqələrindən, əməkdaşlıq prinsiplərindən danışdı. TODAİE-nin 1952-ci ildə yaradıldığını qeyd edən Onur Ender Aslan təcrübə və fikir mübadiləsi baxımından bu kimi layihələrin əhəmiyyətinə diqqət çəkib. 
Sonra qonaqlar İçişler Bakanlığı Mahalli İdareler Genel Müdürlüyü ilə tanış olublar. Burada Mahalli İdareler genel müdiri Ömər Doğanay yerli özünüidarəetmə istiqamətində görülən işlərdən bəhs edib, yeniliklər barədə məlumat verib.
TİKA-nı ziyarət zamanı təşkilatın rəhbəri Serdar Çam iştirakçılara Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığının (TİKA) yaranma tarixi, fəaliyyəti barədə məlumat verib. TİKA-nın Azərbaycanla əlaqələrindən bəhs edərək bundan çox məmnun olduqlarını ifadə edib və əməkdaşlığın bundan sonra daha da sıx davam etdiriləcəyini bildirib.
Səfər çərçivəsində “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursu iştirakçıları Ankara Büyükşehir və Keçiören bələdiyyələrini ziyarət edərək onların fəaliyyətləri ilə yaxından tanış olublar. Onlara Ankara Büyükşehir və Keçiören bələdiyyələri ərazisini əhatə edən özütikililərin yerində yeni parkların, fəvvarələrin salınması, yaşayış binalarının ucaldılması, eləcə də bələdiyyələr tərəfindən həyata keçirilən məişət tullantılarının daşınaraq zərərsizləşdirilməsi sahəsində görülən işlər barədə məlumat  verilib.
Kursun yekununda iştirakçılara Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və TODAİE adından Sertifikatlar təqdim  edilib.
Səfərin sonunda iştirakçılar Keçiören bələdiyyəsi tərəfindən Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükütla andılar.
Ankara səfərində ölkəmizdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından Elmi təşkilat şöbəsinin müdiri Rəcəb Rəhimli və 25 bələdiyyə sədri iştirak edib. Səfərdə Binəqədi rayonunu 2 bələdiyyə sədri - Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və Binəqədi rayon Bələdiyyələr Şurasının sədri, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı təmsil edib.

Keçidlər