Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Heydər məscidi ilə tanış oldu
Ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 13-də Bakının Binəqədi rayonunda yerləşən Heydər məscidi ilə tanış oldu.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ali qonağa məlumat verdi ki, tikintisinə 2012-ci ilin sentyabr ayında başlanılan Heydər məscidi 2014-cü il dekabrın 26-da istifadəyə verilib. Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunan məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.
Bildirildi ki, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısının sərəncamları ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar artıq ölkəmizdə mövcud olan milli mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib. Bunun nəticəsidir ki, son illərdə Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində əsaslı tikinti və yenidənqurma işləri həyata keçirilib. Artıq Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı “Cümə” məscidi də dindarların istifadəsinə verilib. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev tarixi keçmişimizin unudulmasına imkan vermir və çalışır ki, gələcək nəsillər xalqımızın milli mənəvi dünyasına daha çox bağlı olsunlar.
Heydər məscidi ilə tanış olan Pakistan Prezidenti Azərbaycanda dini-mənəvi dəyərlərə göstərilən diqqəti yüksək dəyərləndirdi.