Binəqədi qəsəbəsində Novruz şənliyi keçirildi
Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı Binəqədi qəsəbəsində böyük coşqu və təntənə ilə keçirildi. Yazın gəlişi və bahar bayramı münasibəti ilə martın 15-də təşkil olunan bayram şənliyində Rayon İcra Hakimiyyətinin, rayonun bütün qəsəbə icra nümayəndəliklərinin və bələdiyyələrinin məsul əməkdaşları, eləcə də Binəqədi qəsəbə ictimaiyyəti iştirak etdi.
Bayram əhval-ruhiyyəsində bəzədilən parkda Novruzun özənəməxsus xüsusiyyətlərini və adət-ənələrini əks etdirən eksponatlar nömayiş etdirildi. Parkın bir tərəfində isə yeniyetmə və gənc idmançılar müxtəlif idman nümunələri göstərdi, cəngi sədaları altında gənc pəhləvanlar öz məharətlərini nümayiş etdilər.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, qədim el bayramı olan Novruz yeni ilin, ilk baharın, sevginin, sülhün, qardaşlığın və dostluğun bayramıdır.
Mərasimdə ənənəvi bayram tonqalı da yandırıldı.
Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən təşkil olunan bayram şənliyi incəsənət ustalarının və qəsəbədə yerləşən Mərkəzi Mədəniyyət Evinin bədii özfəaliyyət kollektivinin təqdim etdikləri geniş bayram konserti ilə davam etdi.